“Məhəbbət”, “Gəl qaytar eşqimi”, “Qayıt”, “Ey həyat”, “Sənsiz”, “Cavanlığım”, “O sənli günlərim”, “Nə gəlməz oldun”, “İnanmaram”, “Bakı Qızları”, “Əlvida”, “Taleyim” və digər yüzlərlə məşhur mahnıların müəllifi, Azərbaycanda ilk rok operettanın müəllifi, tanınmış bəstəkar, Xalq artisti Oqtay Kazıminin bu gün xatirə günüdür.
Yenicag.az-a açıqlama verən əməkdar artist Firuzə İbadova bəstəkarı yad edərək, onunla bağlı xatirələrini bölüşüb:
“Oqtay Kazımi Azərbaycan musiqi tarixinə adını əbədi yazan bəstəkarlarımızdandır. Onun musiqisi bir başqa dünyadır. O musiqilərini pula satmırdı, mahnıları ilə yaşayırdı. O məşhur mahnıların müəllifi həyatda çox sadə, təkəbbürdən uzaq adam idi. İndi bir iki mahnı yazanlar özünə sənətkar deyir. Amma Oqtay Kazımi kimi böyük sənətkar sadəliyi ilə bir nümunə idi. Ağır xəstə yatdığı vaxtlarda ziyarətinə getmişdik. O vəziyyətdə qalxıb pianoda yeni yazdığı musiqini ifa etdi və mənə dedi ki, oxu. Dedim, Oqtay müəllim, səhhətiniz ağırdır, bu vəziyyətdə sizi narahat etmək istəmirəm. Qayıtdı ki, musiqi ilə məşğul olanda ağrılarım yadımdan çıxır. O, musiqi ilə yaşayan, qəlbi mahnıları ilə döyünən bir bəstəkar idi.
Onun məşhur “Məhəbbət” mahnısını Şövkət Ələkbərovadan sonra bir neçə müğənni oxumuşdu. Oqtay Kazımi demişdi ki, Firuzə istəyirəm o musiqini sən də repertuarına salasan. Çünki o bilirdi ki, hansı mahnı hansı müğənninin səsinə uyğundur”.
F.İbadova bəstəkarın son mənzilə “Məhəbbət” mahnısı ilə yola salındığını deyib:
“Cənazəsi qaldırılanda sənət dostum Aybəniz Haşımova dedi ki, Firuzə Oqtay müəllimin məşhur “Məhəbbət” mahnısından bir ağız da olsa oxu. Çünki “Məhəbbət” onun ən çox sevdiyi mahnı idi. Özümü toparlayıb, o mahnını oxudum. Dahi bəstəkarımızı son mənzilə “Məhəbbət” mahnısı ilə yola saldıq. Bu gün onun yeri çox görünür”.
Cəvahir