“Bir vaxtlar müğənnilər külli miqdarda pullar töküb kliplər çəkdirirdilər”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış müğənni, Əməkdar artist Şölə Səfərəliyeva deyib.
Sənətçi “Bu gün kliplərə olan tələbatı niyə azalıb” sualını cavablandırıb:
“Bir vaxtlar müğənnilər külli miqdarda pullar töküb, kliplər çəkdirirdilər. Hətta klipdən çox filmə bənzəyirdi bu kliplər. Bahalı geyimlər, çoxlu məkanlar və s. Həmin dövr üçün çox populyar olan rejissorlar seçilirdi. Artıq son zamanlar kliplərə olan tələbat azalıb. Düzdür, yenə də kliplər çəkilir, amma əvvəlki kimi, təqdimat mərasimləri olmur. Yəqin buna ehtiyac yoxdur, bu da sosial şəbəkələrin aktiv olması ilə əlaqədardır. Bəlkə də bu gün klipdən çox mahnının linkini paylaşmaqla dinləyici kütləsi toplamaq olar, əsas odur ki, mahnı keyfiyyətli olsun. Bu yaxşıdır, ya pis, bilmirəm, amma düşünürəm ki, efir üçün kliplərin çəkilməsi vacibdir. Çünki dinləyici nə qədər mahnının dinləməklə yanaşı efirdə də görmək istəyir. Bu mənada klipin çəkilməsi vacibdir”.
O, özünün də yeni klip çəkdirdiyini və yaradıcılığında yenilik etdiyini bildirib:
“Elə özüm də yeni bir klip çəkdirmişəm. Yaradıcılığımda yenilik ondan ibarətdir ki, klipin ideya müəllifi də mənəm, 6-8-lik ritmində ilk mahnıdır. Tez-tez mənə deyirlər ciddi musiqilər ifa edirsiniz, çox gözəldir, amma arada oynaq mahnılar da oxuyun. Bu mahnı elədir ki, həm toy-büsatda, həm də efirlərdə oxumaq üçündür.
“Səni bir də görərdim” adlı mahnının musiqisi Yaqut Almaza, sözləri Xalidə Hicrana məxsusdur. Rejissor Fəhman Fürqətoğlu, operator Hakim Ağayevdir. Libaslarım modelyer Fəxriyyə Xələfovanın ən son kolleksiyasına məxsusdur. Klipim bu gün “Yutub” kanalında yayımlanacaq”.
Cəvahir
www.yenicag.az