Əməkdar artisti ÖLÜMLƏ HƏDƏLƏDİLƏR

Əməkdar artist,tanınmış aktrisa Xalidə Quliyevanı ölümlə hədələyiblər.

Yenicag.az-a açıqlama verən aktrisa “Bir ailəm var serialı”nda oynadığı obraza görə tamaşaçılar tərəfindən təhdid olunduğunu deyib:

““Bir ailəm var” serialında oynadığım Sona xanım obrazı tamaşaçılarda bir qıcıqlanma yaratdı. Serialda oğlumun boşanmış qadınla evlənməsini istəmirdim, hər vəchlə buna mane olurdum. Məni harda görürdülər deyirdilər ki, niyə qoymursan oğlun xoşbəxt olsun? Hətta bir nəfər Həmidə Ömərova ilə xəbər yollamışdı ki, əlimə keçsə, onu öldürəcəm. Mən haqq qazandırmağa çalışırdım ki, boyüdüb boya-başa çatdırdığım oğlumun xoşbəxt olmasını istəyirəm; kim arzulayar ki, oğlu boşanmış, uşaqlı qadınla evlənsin?!”.

Aktrisa bütün dövrlərdə aktyorların oynadıqları mənfi obraza görə tamaşaçı tərəfindən sərt qarşılandığını bildirib:

“Zaman-zaman mənfi obraz yaradan məşhur aktyorlarımız tamaşaçılar tərəfindən hiddətlə qarşılanıb. İsmayıl Osmanlı “Yeddi oğul istərəm” filmində Kələntər dayı obrazına görə daş-qalaq olunmuşdu, hətta çörək almağa belə gedə bilmirdi. Səhnədə hədələnən o qədər aktyorlarımız olub ki… Mən həmişə çalışmışam ki, oynadığım mənfi rollara da haqq qazandırım, bununla bağlı içimdə hər zaman müqavimət göstərmişəm. Hərəkətlərimin səbəbini tamaşaçıya çatdırmaq istəmişəm”.

Cəvahir Səlimqızı
Yenicag.az

COP29