Qorxunc ssenari BAŞLAYIR - III dünya müharibəsi QAPIDA!
“Dünya ölkələrinin bir-biri ilə iqtisadi cəhətdən asılılığı “Üçüncü Dünya Müharibəsi” qarşıdurmasının qarşısını alır.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Pərviz Mirizadə bildirib.

Şərhçi dünyanın bir çox bölgəsində davam edən və yeni başlayan müharibələr fonunda “Üçüncü Dünya Müharibəsi”-nin başlama ehtimalını dəyərləndirib:
“Hazırda dünya miqyasında hərbi gərginliklərin, hərbi risklərin və bu risklərdən qaynaqlanan müharibələrin miqyasının genişləndiyinin və say tərkibinin xeyli artdığının şahidi oluruq. Kamboca və Tailand arasında hərbi toqquşmalar onu göstərir ki, dünya miqyasında dövlətlər arasında münasibətlər olduqca gərgindir. Bu birbaşa olaraq “İkinci Dünya Müharibəsi”-də olduğu kimi genişmiqyaslı hərbi əməliyyatların başlama riskini hələ də aktuallaşdırmır. Bunu bir sıra arqumentlərlə əsaslandırmaq olar. Ən azından dünyada hibrit formada “Üçüncü Dünya Müharibəsi” həyata keçir, amma bunun aktiv hərbi fazaya keçidinə bir az vaxt lazımdır və indiki şəraitdə məchul məsələdir. Onu qeyd etmək lazımdır ki, münaqişələr birbaşa dünya bloklarını üz-üzə qoymur. Qısacası, ayrı-ayrı bloklar birbaşa toqquşmaya girmirlər. Eyni zamanda nüvə silahı və onun varlığı ölkələri daha genişmiqyaslı hərbi əməliyyatlara girmə ehtimalını aşağı salan əsas amillərdən biridir. Ona görə ki, nüvə silahına malik olan dövlətlər onun qalıcı təsirlərinin və məhvetmə risklərinin olduqca yüksək olduğunu başa düşərək münaqişələrdən yan keçməyə çalışırlar.”
Politoloq qeyd edib ki, üçüncü dünya müharibəsi miqyasında münaqişələrin yaranma ehtimalını azaldan daha bir əsas amil dünyadakı iqtisadi vəziyyətdir:
“Dünya dövlətləri bir-birindən qarşılıqlı olaraq iqtisadi cəhətdən asılıdırlar. Bu asılılıq və zəncirvari xətt ölkələri bir-birinə bağlamağı bacarır. Bu xəttə hər hansı gərginlik və ya qırılma ümumi dünya miqyasında böhranlara səbəb ola bilər ki, bu isə tamamilə arzuolunmaz vəziyyətdir və böyük güclər də bunun fərqindədir. Nəticə etibarilə, bu münaqişələrin daha böyük miqyaslı dünya müharibəsinə keçməsi aktual deyil. Hal-hazırda bunlar proksi qüvvələr vasitəsilə həyata keçirilir və biz yerlərdə proksi güclər vasitəsilə böyük qarşıdurmaların şahidi oluruq, amma bizim düşündüyümüz qədər böyük müharibələrin başlanma riski hazırda mümkün görünmür.”
Nurlan Cəfəri












