Gəncləri işaxtaran yox, işəgötürən kimi görmək istəyirik.
Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Baku ID” festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər hansı bir sahə üzrə insanın bacarıqları ən yaxşı on faizə uyğun gəlirsə, həmin insanı istedadlı saymaq olar, həmin faizə daxil olmayanların da istedadlı olmaq şansı var: “Gənclərimizi işaxtaran yox, işəgötürən kimi görmək istəyirik. Ancaq biz ona deyə bilmərik ki, bu gündən işaxtaran yox, işəgötürən olacaqsan. Lakin uzunmüddətli perspektivdə gənclərimizin bilik və bacarıqlarını inkişaf etdirməklə buna nail ola bilərik. İnkişafın, nailiyyətin təməlində öz səhvini başa düşmək və səhvlərindən nəticə çıxarmaq, özünəinamın yüksək olması dayanır. Özünə güvənmək və gələcəyin uğurlu olacağına inanmaq lazımdır. Ən önəmli məsələlərdən biri də cəmiyyətlə birgə təkamül etmək, digər şəxslərin də inkişafına dəstək göstərməkdir. Hər hansı bir səhv etmiş insana qarşı necə davranmaq çox önəmlidir. Hər şey mədəniyyətdən başlayır. Mədəniyyət isə şəxsi keyfiyyətlərlə əlaqəlidir”./report
www.yenicag.az