“Prosesi izləyənlər namizədlər arasında gərgin mübarizə, tənqidi yanaşma görmək istəyirlər”.
Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar preizdent seçkilərinin təbliğat-təşviqat mərhələsində namizədlərin çıxışlarını dəyərləndirən müstəqil siyasətçi Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, cəmiyyət namizədlərin indiki hakimiyyətin siyasətinə toxunmadan öz mövqelərini ifadə etmələrini istəyir:
“Namizədlərin seçiləcəkləri təqdirdə, sosial sferada mühüm addımlar atacaqlarına dair vədlər vermələri seçki texnologiyasının bir növüdür. Ancaq müəyyən maraqlı çıxışlar olsa da, hazırda təbliğat-təşviqat prosesi müəyyən qədər sönük keçir.
Prosesi izləıyənlər namizədlər arasında gərgin mübarizə, tənqidi yanaşma görmək istəyirlər. Yaxşı cəhətlərdən biri də debatlarda təhqirə yol verilməməsidir. Əvvəlki seçki prosesində keçirilən debatlarda təhqir, böhtan və digər mənfi hallar baş verirdi.
İndi isə tamamilə fərqlidir. Namizədlər təhqir olmadan bir-birlərinin fikirlərini müzakirə edir, müəyyən yeniliklər gətirməyə çalışır, özlərini cəmiyyətə tanıtmaq istəyirlər. Belə olan halda isə cəmiyyətdə “əvvəlki illərə baxdıqda, proseslər sönük keçir” fikirlərinin formalaşması normal haldır”.
Nəsimi Ələsgərli
www.yenicag.az