Ən böyük dinozor ayaq izi sahəsi kəşf edildi
Quruda yaşayan canlılar ömürləri boyu yer üzündə izlər buraxsa da, onların çoxu qısa müddətdə yox olur, lakin bəzən müəyyən şərait yarandıqda qədim dövrlərə dair yeni bilgilər təqdim edən bu izlər əsrlər boyu qorunub qala bilir.
Yenicag.az xəbər verir ki, dinozavr izləri baxımından zəngin olan Boliviyada indiyədək görünməmiş sayda ayaq izi bir arada tapılıb.
Paleontoloqlar Torotoro Milli Parkındakı “Carreras Pampa” ayaq izi sahəsini kataloqlaşdıraraq 16 min 600 ayrı dinozavr izi müəyyən ediblər. Bunlar 1321 cığırdan (eyni dinozavrın buraxdığı bir neçə iz) və 289 tək izdən ibarət idi.
Alimlər həmçinin dinozavrların üzərkən buraxdığı 1378 izi də aşkar ediblər. “Carreras Pampa”da əlavə olaraq pəncə və quyruq izləri də tapılıb.
Tapıntılar dünən (3 dekabr) “PLOS One” adlı elmi jurnalda dərc olunan araşdırmaya görə, hamısı məlum olan bütün ətyeyən dinozavrları və müasir quşları əhatə edən teropod qrupuna aiddir.
Təxminən 70 milyon illik izlər dinozavrların yer üzündən silinməsindən yalnız bir neçə milyon il əvvəl yaranıb.
“Bu sahə bölgənin keçmişinə heyrətamiz bir baxış təqdim edir. Buradan neçə dinozavrın keçdiyini deyil, həm də keçərkən nələr etdiklərini göstərir”, – araşdırmanın müəllifləri açıqlamalarında belə deyirlər.
Tədqiqatçılar “Carreras Pampa” sahəsinin bir zamanlar dayaz şirin su gölünün sahil zolağı olduğunu bildiriblər. Yumşaq və karbonatla zəngin palçıq izlərin qorunması üçün unikal mühit yaradıb.
Onlar həmçinin izlərin qorunduğu qatın, əsasən, kalsium karbonat və incə dənəli silikatlardan ibarət olmasının qorunmaya töhfə verdiyini qeyd ediblər. Bu qat üzərinə basıldıqda dərin çökəklik yarada biləcək qədər yumşaq, lakin çöküntü təbəqəsi ilə örtüldükdə fosilləşməni təmin edəcək qədər sərt bir səth formalaşdırır.
İzlərin bu qədər çox olması, yaxınlarda yaşayan heyvanların göl kənarında tez-tez vaxt keçirdiyini və ehtimal ki, buranın qiymətli bir mənbə olduğunu göstərir.
Hər iki istiqamətə gedən izlərin böyük bir hissəsinin 10–30 santimetr arasında dəyişməsi burada çoxlu növün yaşadığını sübut edir.
Bunlar kiçik və orta ölçülü dinozavrlar tərəfindən buraxılmışdı, daha iri heyvanlara aid izlər isə çox az idi. Cığırların yalnız biri, yəqin ki, bir tondan ağır heyvana məxsus idi.
Alimlər həmçinin dinozorların yumşaq torpaqda batmamaq üçün çalışarkən quyruqlarının səthlə təmas etməsi nəticəsində quyruq izlərinin yarandığını düşünürlər.
“Carreras Pampa” həm ən çox izi bir arada saxlaması, həm də dinozorların davranışlarına işıq tutması səbəbindən artıq ən mühüm iz sahələrindən biri hesab olunur.












