!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ən gəlirli, əyləncəli ZƏHƏR - Gəncləri məhvə sürükləyən BƏLANIN GÜNAHKARLARI - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Anladıq, bəladır, zəhərdir, zərərlədir… Narkotik əslində bir əyləncədir. Bəlası, zəhəri, zərəri əylənəndən sonra gəlir. Narkotik ən gəlirli sahələrin başında gəlir. Milyardlar dövr edir. Həmin milyardların qarşısında təbii ki, istənilən məmuru almaq da olar, təmiz olanı məhv etmək də.

Son günlər Azərbaycanda narkotik vasitələrdən istifadə edənlərin artdığı, hətta sosial şəbəkələrdə açıqdan satışın təşkil olunduğunu eşidirik, görürük, bilirik. Azərbaycan dövləti təbii ki, nə narkotikin kökünü kəsələ bilər, nə də, bu trafiki dayandıra bilər. Bunu böyük dövlətlər bacara bilmirsə, Azərbaycanın şansı daha da azdır.

Yazıya girişdə əyləncəyə elə-belə toxunmamışdım. Narkotik siqaretdən fərqli olaraq, əsəbləşəndə çəkilən, stresli olanda (əslində bunun heç bir doğru tərəfi yoxdur) yox, məhz əylənmək, kefini yüksəltmək istəyərkən istifadə olunan bir əyləncə növüdür. Son vaxtlar narkotiklərin sürətlə yayılması təkcə nəzarətsizlikdən yox, həm də insanların faktiki və psixoloji durumundan irəli gələn məsələdir.

Öncə onu bildirim ki, rayonlara, kəndlərə kimyəvi yox, bitki tərkibli narkotiklər xas idi. Maraqlıdır ki, kimyəvi tərkibli narkotiklər son vaxtlar rayonlarda daha çox artıb. Bunun artmasının səbəbi qiymətin aşağı olması ilə bağlı ola bilər. Ancaq məsələyə bir başqa yöndən yanaşmaq istərdim.

Gözünüzün önünə bir kənd, qəsəbə gətirin. Park yox, klub yox, mədəniyyət evləri yox, kitabxana yox, stadionlar yox. İnsan da robot deyil. Bütün bu yoxluğun içərisində insanlar, gənclər necə əylənməlidirlər? Parklar ancaq rayonların mərkəz hissələrində salınır. Onlar da demək olar hamısı eyni görünüşlü, eyni formalı bir məkandır. Sovetlərdən qalan klublar və mədəniyyət evləri dağıdıldı. Kitabxanaların vəziyyəti barədə danışmağa dəyməz. Stadionlarsa ayrı bir bəladır. Kəndlərdə stadionlar hər kəsin gözünü tikdiyi, ilk fürsətdə hasarlandığı yerlərdir. Yaxın günlərdə jurnalist Cəmil Məmmədli Xaçmazın kəndlərinin birində bir nəfərin stadionu hasarlayıb, oğlu üçün ev tikdiyini ictimailəşdirmişdi. Stadion nədir? Bir kəndin 20-30 uşağının məktəbdən sonra, gənclərin də işdən sonra başını qatacağı bir yerdi. Stadionda ev tikiləndən sonra o kəndin gəncləri, şagirdləri harda əylənəcək? Uşaq vaxtı bizim başımıza gəldiyi üçün cavabını verim. Tam eyni olmasa da, bənzər olacaq…

Bir gün məktəbdən evə gedib, dərslərimi hazırlayandan sonra stadiona tərəf üz tutdum. Səhər qaçdığımız stadionun ortasında çalalar qazılırdı ki, dirəklər basdırılsın, ərazi hasarlanıb, içərisində ev tikilsin. Mindən çox ailənin yaşadığı şəhərciyin tək əyləncə mərkəzi idi o stadion. Nəinki uşaqlar, hər yaş qrupuna o stadion xidmət edirdi. Bəlkə də gün ərazində 200-300 nəfər o stadionda futbol oynayırdı. Tək əyləncə yeri olduğu üçün stadionun bir saatı da boş olmurdu. Yarışlar keçirilirdi. Uşaqlar əsəbləşdi, etiraz edildi. Ancaq etiraz edənlərin say azlığı tək əyləncə mərkəzinin əldən çıxması ilə nəticələndi. Adları, üzləri, necə futbol oynadıqları hələ də yadımda olan “uşaqlar” kanalların dibində puldan poker oynamağa başladı. Daha sonra futbola getmək üçün yığışan uşaqların meşəyə araq içməyə, nəşə çəkməyə yığışdıqlarının şahidi oldum. Bir stadionun məhvi ilə onlarla gənc də, zərərli vərdişlərə yiyələndilər.

Azərbaycanda hər rayonda Olimpiya kompleksləri tikilib. O komplekslərin nə qədəri işlək vəziyyətdədir? Hovuzları pullu, stadionları pullu… Ümumiyyətlə, Azərbaycanda pulsuz əyləncə var? Deyənlər olacaq ki, əslində bütün dünyada belədir. Yalandır! Rusiyada hər binanın qarşısında trenajorlar, stadionlar, insanların uzağa getmədən əylənə, vaxt keçirə biləcəyi yerlər var. Bəs Azərbaycanda? Heç nə!

Narkotiklərdən istifadə edənlərin artması, hətta açıq şəkildə sosial şəbəkələrdə satılması vətəndaşdan öncə dövlətin günahıdır. Dövlətin hüquq mühafizə orqanları faktiki olaraq öhtəsindən gələ bilmir. Yuxarıda qeyd etmişdim, bir dövlət narktiklərin qarşısını tam ala bilməz. Dövlətin mübarizə üsulu dəyişdikcə, şəbəkənin də üsulu dəyişir. Dövlət adına ağ ölüm, bəla qoyaqla da, mübarizə apara bilməz. O cür çarxların düz yola gətirmək faizi yox dərəcəsindədir. Valideynlər qadağa etməklə də bunun qarşısını almaq olmaz. Qadağan edilən şeylər insanları daha da cəlb edir. İnsanın xislətində var. Həvvanın nəfsini saxlaya bilməməsi üzündən Adəmlə birlikdə cənnətdən qovulma səbəbi kimi.

Bəs çıxış yolu necə olmalıdır? Hüquq mühafizə orqanlarına iş öyrətmək kimi bir fikrim yoxdur. Dövlətdən maaş alırlar, zəhmət çəksinlər, işlərini görsünlər. Ancaq dövlət onsuzda sosial-iqtisadi durumu pis olan insanlar üçün əyləncə tapmalıdır. Təkcə rayon mərkəzlərində yox, kəndlərdə futbol, voleybol, basketbol meydançaları tikilməli, toplarla təmin edilməlidir. Bəzək üçün yox, məhz bunlar gənclərə təhvil verilməlidir.

Demirəm, bu 100 faizlik nəticə göstərəcək. Ancaq son dərəcə ciddi təsir göstərəcək.

Əsəb, gərginlik onsuzda çox idi. Müharibədən sonra aqresiya daha da artıb. Fikir verirsinizsə, narkotiklərdən istifadə edənlərin sayı da məhz bu dönəmə təsadüf edir. 5-6 manat verib stadionda bir saat top arxasınca qaçmaqdansa, 3 manat verib, “uçmaq” daha cəlbedici gəlir.

Dövlət vətəndaşına sahib çıxmalıdır. Dövlət qurumları da, məsləhət yerinə, insanlara pulsuz, ucuz əyləncə yerləri verməlidir…

www.yenicag.az

1204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv