!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ən geniş yayılmış psixi xəstəlik – Qorunmaq üçün vacib TÖVSİYƏLƏR

!Reklam – Yazi

“Günlərin qısalması, yuxu rejimində və həyat tərzindəki dəyişikliklər, aktivliyin azalması depressiyaya səbəb ola bilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında insanların payız mövsümündə depressiyaya düşmə səbəbləri və bundan xilas olma yolları barədə danışan psixoloq İlhamə Mustafayeva deyib.

Onun sözlərinə görə, depressiya psixi xəstəliklər arasında ən geniş yayılmış, daha çox irsi xarakter daşıyan xəstəlikdir.

“Depressiyanın əsas əlamətləri əhval-ruhiyyənin aşağı olması, enerjinin tükənməsi və daha əvvəl zövq aldığı şeylərdən zövq ala bilməməkdir. Əgər bu əlamətlər iki həftə ərzində və günün çox hissəsini əhatə edirsə, o zaman həkimə müraciət etmək lazımdır”, – deyə o məsləhət görüb.

Psixoloq qeyd edib ki, payız depressiyasının əlamətləri də belədir, lakin əlamətlərin başlama və bitmə fərqinə görə fərqlənir.

“Payız depressiyası payızın gəlməsi ilə başlayır. Bu da orqanizmin bir fəsildən digərinə keçməsi ilə əlaqədar yaşadığı narahatlıqlara gətirib çıxarır. Günlərin qısalması, yuxu rejimində və həyat tərzindəki dəyişikliklər, aktivliyin azalması depressiyaya səbəb ola bilir. Orqanizm yaydan qışa keçid böhranını yaşayır və bu bir adaptasiya tələb edir. Yaxşı olardı ki, bu zaman insanlar yemək rasionlarına diqqət yetirsinlər, daha çox qoz, fındıq, bol meyvə və göbələk, balıq məhsullarının istifadə olunması tövsiyə olunur ki, orqanizm bu adaptasiya müddətini yaxşı keçirə bilsin. Eyni zamanda fiziki aktivliyin çox olması, idman, rəqs və sair məşğələlərin edilməsi tövsiyə edilir”, – deyə o bildirib.

Mütəxəssis vurğulayıb ki, insana xoş təsir bağışlayan hobbilərin olması, təmiz havada gəzmək və sair payız depressiyası ilə dəf etməyə kömək olur.

“Əgər depresiv əlamətlər payızın keçib, getməsi ilə bitmirsə, bunun payızla əlaqədar olmadığını düşünə bilərik”, – deyə o əlavə edib.

İ.Mustafayeva qeyd edib ki, payızın gəlməsi ilə əlaqədar insan orqanizmində yeni mövsümə alışma mərhələsi başlayır.

“İnsanlar daha çox əsəbi və ya gərgin ola bilirlər. Gecələrin uzanması, gündüzlərin qısalması, aktivliyin azalması və sair səbəbdən orqanizmin bütün bunlara alışması üçün zaman lazımdır.

Eyni zamanda, bir çox insanlar iş və ya təhsil fəaliyyətlərinin başlaması payız fəslinə təsadüf etdiyindən orqanizm üçün ikiqat çətin olur. Payız depressiyasını asan keçirmək üçün aktivliyin artırılması, imkan tapdıqca meşə, park, təbiət qoynunda vaxt keçirmək, sağlam qidalanmaq yuxu rejiminə riayət etmək mütləqdir.

Həmçinin, spirtli içkilərdən və zərərli vərdişlərdən uzaq olmaq lazımdır, çünki bunlar bədənin depressiya ilə mübarizəsinə mənfi təsir göstərir.

Geyimlərində, iş yerlərində, evlərdə əlvan rənglər olan əşyalardan istifadə etmələri insanların əhval-ruhiyyəsinə müsbət təsir göstərir”, – deyə o bildirib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

95
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv