"İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələri strateji səviyyəyə qaldırır" – ŞƏRH
“Almaniyanın Cənubi Qafqazda sülh və sabitlik prosesinə dəstək verməsi Azərbaycan üçün mühüm amildir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Politoloq Azərbaycan və Almaniya liderlərinin görüşünün pərdəarxası məqamlarını diqqətə çatdırıb:
“Sözsüz ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin başlanması baxımından mühüm siyasi hadisədir. Bu səfərin əhəmiyyətini düzgün dəyərləndirmək üçün əvvəlcə iki ölkə arasında formalaşmış münasibətlərin əvvəlki mərhələsinə nəzər salmaq vacibdir. Azərbaycan və Almaniya arasında əlaqələr uzun illər ərzində əsasən iqtisadi əməkdaşlıq, enerji, ticarət və diplomatik dialoq istiqamətlərində inkişaf edib. Almaniya Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarından biri olub, Azərbaycan isə Almaniya üçün Cənubi Qafqazda mühüm siyasi və enerji tərəfdaşı kimi çıxış edib.
İki ölkə arasındakı münasibətlərin əsas dayaqlarından biri enerji sahəsi olub. Azərbaycan uzun müddət Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biri kimi çıxış edib və Almaniya da enerji mənbələrinin şaxələndirilməsi siyasəti çərçivəsində Azərbaycanın roluna xüsusi diqqət yetirib. Eyni zamanda, Almaniya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərib, sənaye, nəqliyyat, kənd təsərrüfatı, texnologiya və digər istiqamətlərdə əməkdaşlıq imkanları formalaşıb.”
R. Bayramov qeyd edib ki, Azərbaycan və Almaniya münasibətləri son illərdə daha çox inkişaf edib:
“Son illərdə isə Azərbaycan–Almaniya siyasi dialoqu daha geniş gündəlik əldə edib. Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Ermənistanla münasibətlərin normallaşması prosesi və regionda yeni iqtisadi imkanların yaranması Almaniyanın Azərbaycana marağını daha da artırıb.
Prezident İlham Əliyevin Almaniyaya səfəri də məhz bu dəyişən reallıqlar fonunda baş tutub. Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” münasibətlərin yeni siyasi çərçivəyə keçirilməsi baxımından mühüm addımdır. Bu sənəd göstərir ki, tərəflər əlaqələri daha da inkişaf etdirmək və daha uzunmüddətli strateji tərəfdaşlıq modeli qurmaq niyyətindədirlər.
Səfərin əsas nəticələrindən biri iqtisadi əlaqələrin genişləndirilməsi perspektividir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda fəaliyyət göstərən Almaniya şirkətlərinin sayının artırılması, qarşılıqlı investisiyaların təşviqi və biznes əlaqələrinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması bu baxımdan praktiki mexanizm rolunu oynaya bilər. Bu platforma yeni layihələrin müəyyənləşdirilməsinə, investisiya imkanlarının genişlənməsinə və texnologiya mübadiləsinə şərait yarada bilər.
Enerji sahəsində də yeni imkanlar mövcuddur. Azərbaycanın təbii qazının Almaniya bazarına çıxması iki ölkə arasında əməkdaşlığın strateji əhəmiyyətini artırır. Gələcəkdə yaşıl enerji sahəsində əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən birinə çevrilə bilər. Belə ki, Azərbaycanın bərpaolunan enerji potensialı ilə Almaniyanın qabaqcıl texnologiyalarının birləşdirilməsi qarşılıqlı faydalı layihələr üçün imkan yaradır.
Səfərin siyasi əhəmiyyətini də xüsusi olaraq qeyd etməyə ehtiyac var. Almaniyanın Cənubi Qafqazda sülh və sabitlik prosesinə dəstək verməsi Azərbaycan üçün mühüm amildir. Azərbaycan isə öz növbəsində Almaniya ilə əməkdaşlığı Avropa istiqamətində münasibətlərin inkişafı üçün vacib platforma kimi görür. Regionda sülhün möhkəmlənməsi və nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan–Almaniya əməkdaşlığı üçün əlavə imkanlar yarada bilər.
Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə münasibətlərinə yeni siyasi dinamika qazandırdı deyə bilərik. Əgər əvvəlki mərhələdə əlaqələr daha çox enerji və iqtisadi əməkdaşlıq üzərində qurulurdusa, yeni mərhələ strateji tərəfdaşlıq, texnologiya, investisiya, yaşıl enerji və regional sabitlik istiqamətlərini əhatə edir.”
Nurlan Cəfəri













