“Ərazi məsələləri də masadadır!” – Trampın xüsusi nümayəndəsinin BƏƏ səfəri nəyi dəyişəcək?
“Trampın xüsusi nümayəndəsinin BƏƏ-nə səfərindən sonra Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesində yeni təkliflər paylaşıla bilər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
O, ABŞ və Rusiya arasında mümkün razılığın pərdəarxası məqamlarını şərh edib.
Politoloq bildirib ki, ABŞ və Rusiya arasında müəyyən razılıq artıq uzun müddətdir ki, əldə olunub.
“Ona görə də Abu-Dabi səfəri müəyyən mənada hazırlıq mərhələsi olaraq da dəyərləndirilə bilər. Əldə olunmuş razılıqların daha çox ilkin atəşkəs şərtləri və müharibədən sonrakı dövr üçün təhlükəsizlik zəmanəti ilə bağlı ola biləcəyini ehtimal etmək olar. Amma düşünürəm ki, ərazi məsələləri də müzakirə edilən məsələlər arasında xüsusilə qeyd edilə bilər.
Nəticə etibarilə, ABŞ-Rusiya-Ukrayna üçtərəfli görüşünün Abu-Dabidə keçirilməsi ehtimalı onu deməyə əsas verir ki, Trampın xüsusi nümayəndəsinin BƏƏ-nə səfərindən sonra Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesində yeni təkliflər paylaşıla bilər”,- deyə o bildirib.
Nəsimi Ələsgərli












