Ərdoğan anti-Türkiyə ittifaqını necə parçaladı? – Rusiyalı ekspert Aralıq dənizindəki enerji savaşından danışdı
Aralıq dənizində Türkiyə əleyhinə ittifaq qurulub.
Yenicag.az xəbər verir ki, rusiyalı mütəxəssis, Rudin Universitetinin müəllimi və Salzburg Universitetinin siyasi elmlər üzrə doktoru Kamran Həsənov Rusiyanın “İzvestiya” qəzetinə müsahibə verib.
Fuad Səfərov imzalı müsahibədə rusiyalı mütəxəssis Kamran Həsənov bildirib ki, Türkiyəyə qarşı ittifaq dənizdə “Leviafan” təbii qaz yatağının kəşfi ilə formalaşmağa başlayıb.
Həsənov son günlər Yunanıstan, Kiprin rum icması və İsrail arasında üçtərəfli ittifaqın tez-tez müzakirə olunduğunu qeyd edib:
“Bu ittifaq, əslində, yeni deyil. Aralıq dənizində “Leviafan” qaz yatağının kəşfi ilə formalaşmağa başlayıb. Misir də bu prosesin içində idi”.
Siyasi analitik əlavə edib ki, Türkiyənin Kipr yaxınlığında neft yataqlarında araşdırma aparmağa başlaması və daha sonra Liviya vətəndaş müharibəsi zamanı Fayez əl-Sərracın rəhbərlik etdiyi Milli Razılaşma Hökuməti ilə saziş imzalaması vəziyyəti daha da gərginləşdirib.
Ekspertin sözlərinə görə, İsrail, Kipr, Yunanıstan və Misir buna qarşı çıxıb. Lakin sonradan Qahirənin Ankara ilə münasibətləri normallaşdırması səbəbindən Misir bu koalisiyadan ayrılıb və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da “Müsəlman Qardaşları”nı dəstəkləməsinə baxmayaraq, Sisini tanıyıb.
Həsənovun fikrincə, Türkiyə lideri “Müsəlman Qardaşları”nın Misirdə artıq əhəmiyyətini itirdiyini qəbul edib.
Analitik qeyd edib:
“Bu arada, Yunanıstan, İsrail və Kipr bu ittifaqda qalmaqda davam edir. İsrail və Türkiyə bir çox geosiyasi məsələ üzrə qarşıdurma vəziyyətindədir. Qəzza ilə yanaşı, Suriya və ümumilikdə Aralıq dənizi regionu ilə bağlı da fikir ayrılıqları mövcuddur”.
Həsənov vurğulayıb ki, bu ölkələr ayrı-ayrılıqda kifayət qədər gücə malik deyillər, lakin birlikdə Türkiyəni nəzarət altına almağa ümid edirlər. Eyni zamanda, bu ölkələrin hər biri müstəqil şəkildə fəaliyyət göstərir. Məsələn, Yunanıstan və Kipr Türkiyənin Avropa müdafiə proqramı SAFE-ə qoşulmasına mane olmağa çalışır, İsrail isə Türkiyə tərəfdarı hökumətin qurulduğu Suriyada hücumlarını davam etdirir.
Amir Aqiloğlu












