Reklam: High Technic
hightechnic

“Ərdoğan Türkiyənin Qərbə yalnız hərbi vasitə kimi lazım olduğunu yaxşı bilir” – Rusiyalı ekspert

“Türkiyə NATO-ya qəbul edilsə də, Qərbin iqtisadi strukturlarından kənarda saxlanıldı”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində S-400 raket komplekslərinin satışı ətrafında yaranmış vəziyyəti və ABŞ-Rusiya gərginliyinin artması fonunda hadisələrin mümkün inkişafını dəyərləndirən Rusiyalı politoloq, bu ölkənin Elmlər Akademiyasının Təhlükəsizlik problemləri üzrə Tədqiqat Mərkəzinin eksperti Konstantin Bloxin deyib.

Konstantin Bloxin hesab edir ki, Hindistanın Rusiyadan S-400 raket komplekslərinin alışından imtina etməməsindən sonra ABŞ-ın bu ölkəyə qarşı addımları Türkiyəyə yönəlik tədbirlərdən fərqli olacaq:
“Hindistanla bağlı məsələ Türkiyədəkindən fərqlidir. Çünki bu ölkələrin miqyası və potensialı arasında fərq var. Eyni zamanda, ABŞ də həmin dövlətlərə müxtəlif kontekstlərdən yanaşır. ABŞ həm Obama, həm də hazırda Tramp dönəmində Hindistanı Çinə qarşı dayana biləcək ölkə qismində görür. Başqa sözlə, Tramp Çinlə münasibətləri kəskinləşdirmək yolunu tutub və bu çərçivədə Hindistan üçün yeni rol müəyyənləşdirib.

Fikrimcə, Vaşinqton Rusiyadan S-400 almaq niyyəti qəti olan Hindistana münasibətdə Türkiyəyə olduğundan fərqli mövqe nümayiş etdirəcək. Əgər ABŞ Hindistana qarşı da Türkiyəyə yönəlik sərt xətti təkrar etsə, bu, Trampın çox kobud səhvi olacaq. Bununla ilk olaraq, ABŞ-ın Çini çəkindirmək siyasəti iflasa uğrayacaq. Həmçinin diqqət yetirsək, görərik ki, Hindistan digər qlobal güclərlə müqayisədə ABŞ-a daha loyal münasibət bəsləyir.

Məsələnin iqtisadi tərəfinə baxsaq, ABŞ və Hindistan arasında ticarət dövriyyəsi çox da böyük deyil. Hindistanda istehsal daha çox daxili bazarın təmin olunmasına yönəlib və onun Çindən fərqli olaraq ABŞ bazarından asılılığı yoxdur.

Ancaq dünya maliyyə bazarının lideri olan ABŞ özünün geniş imkanlarını işə salaraq, Hindistan iqtisadiyyatını zəiflətmək üçün addımlar ata bilər. Çünki digər dövlətlər kimi, Hindistan iqtisadiyyatı da dollardan asılı vəziyyətdədir. O baxımdan, ABŞ-ın S-400-lərə görə Hindistana qarşı siyasi-iqtisadi təzyiqləri işə salacağı istisna deyil. Ancaq təkrar edirəm, bu, Trampın böyük səhvi olacaq”.

Bloxinin fikrincə, regionda yaranmış vəziyyət Rusiya ilə Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin formalaşdırıb:
“Hesab edirəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlər daha çox qarşılıqlı fayda əsasında qurulur. Rusiya bundan sonra digər dövlətlərlə münasibətdə sovet vaxtında olduğu kimi ideologiyanı yox, “daimi dost və düşmən yoxdur, daimi maraqlar var” prinsipini rəhbər tutacaq. Ona görə də Rusiya hazırda Türkiyə, İran və regionun digər ölkələri ilə ikitərəfli münasibətləri gücləndirməyə çalışır.

Hazırda Türkiyə ilə Rusiya arasında münasibətlərin dərinləşdirilməsi üçün zəmin var. Türkiyə ABŞ-ın zorakı təzyiqlərindən artıq bezib. Vaşinqton hətta iki il əvvəl NATO üzrə müttəfiqi olduğu Türkiyə prezidenti Ərdoğanı hərbi çevriliş yolu ilə devirməyə cəhd göstərdi. Ancaq Türkiyə iqtidarı və xalqının iradəsi sayəsində bu cəhdin qarşısı alındı. Bildiyimiz kimi, Türkiyə hələ Atatürk dövründən etibarən Qərbə doğru inteqrasiya yolunu tutsa da, onun bu səylərinin baş tutmasına imkan verilmədi. Türkiyə NATO-ya qəbul edilsə də, Qərbin iqtisadi strukturlarından kənarda saxlanıldı.

Yəni Türkiyə Qərbə sadəcə, hərbi vasitə kimi lazımdır və bunu Ərdoğan da yaxşı başa düşür. Bu şəraitdə Rusiya ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sferada əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar yaranıb”.

Söhbətləşdi Qafqaz Ömərov

www.yenicag.az

555