Ərdoğana verilən hədiyyənin SİRRİ – Aqil Ələsgər “Türk Dünyası Konseptual Sənədi”ndən yazır
“Türk Dünyası Konseptual Sənədi” Ankarada ictimaiyyətə təqdim olundu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə AK Parti (Ədalət və İnkişaf Partiyası) Baş Qərargahında keçirilən tədbirdə elan edilən “Türk Dünyası Konseptual Sənədi” 198 səhifə və 14 fəsildən ibarətdir.

Sənəddə orta, qısa və uzunmüddətli hədəflər müəyyən edilib. Bu sənədlə türk dövlətləri arasında çoxölçülü əməkdaşlığı sistemli hala gətirərək enerji, ticarət, nəqliyyat, media, texnologiya və mədəniyyət sahələrində inteqrasiyanı dərinləşdirmək, həmçinin qlobal müstəvidə birgə hərəkət qabiliyyətini artırmaq məqsədi güdülür.
Türk dünyasını qlobal sistemdə daha təsirli bir aktora çevirmə strategiyası ilə hazırlanmış sənəd, Türk dünyasının ortaq hədəflərini, qlobal baxışını və strateji yanaşmasını müəyyən edən əhatəli bir çərçivə siyasəti sənədi xüsusiyyəti daşıyır. Sənəddə AK Partiyanın “Türkiyə Əsri” vizyonunun “Türk Dünyası Əsri” hədəfi ilə tamamlanacağı və bu çərçivədə türk dövlətlərinin qlobal sistemdə yüksələn bir güc mərkəzi kimi mövqelənəcəyi qeyd olunur.
Xarici ticarət həcmini 100 milyard dollardan yuxarı çıxarmaq hədəfi

Türk dövlətləri arasında ticarətin inkişafına yönəlik atılacaq addımların sıralandığı sənəd çərçivəsində ortaq e-ticarət platformalarının, ortaq bazar mexanizmlərinin yaradılması, “Türk Dünyası” brendi altında istehsal olunan məhsulların beynəlxalq səviyyədə tanıdılması üçün işlərin aparılması planlaşdırılır.
Sənəddə Türk dünyası ölkələri arasında ticarət mübahisələrinin həllinə yönəlik ortaq arbitraj mərkəzlərinin yaradılması və Türkiyənin türk dövlətləri ilə toplam xarici ticarət həcminin 100 milyard dollardan yuxarı çıxarılması hədəfləri yer alır. Bununla yanaşı, Türk dünyası ölkələri arasında maliyyə inteqrasiyasının dərinləşdirilməsi məqsədilə ortaq valyuta layihəsi və Türk Dünyası Mərkəzi Banklar Forumunun yaradılması hədəfləri də sənəddə əks olunub.

Türk Dünyası Enerji Agentliyi və Enerji Birliyi
Sənəddə Trans-Xəzər təbii qaz boru kəməri layihəsinin həyata keçirilməsi, yeni enerji dəhlizlərinin yaradılması, regional enerji ticarət birjalarının qurulması, ortaq neft və təbii qaz kəşfiyyatı, hasilatı və emalı layihələrinin dəstəklənməsi, Türk Dünyası Enerji Agentliyinin yaradılması, “Türk Dünyası” brendi ilə enerji sertifikatlaşdırma sistemlərinin qurulması və Türk Dünyası Enerji Birliyinin yaradılması əsas hədəflər kimi sıralanıb.

Türk Dünyası Teknofestləri və Texnologiya
“Ortaq proqram təminatı inkişaf etdirmə platformalarının yaradılması, e-dövlət tətbiqlərinin qarşılıqlı şəkildə uyğunlaşdırılması, Türk Dünyası Teknofestlərinin təşkil olunması, Türk Dünyası Texnologiya Agentliyinin və Türk Dünyası Rəqəmsal İqtisadiyyat Platformasının yaradılması” da sənəddə xüsusi yer tutur.

Ortaq Terrorla Mübarizə Mərkəzi
Sənəddə sərhəd bölgələrində təhlükəsiz zonaların yaradılması, Türk Dünyası Ortaq Terrorla Mübarizə Mərkəzinin, habelə Türk Dünyası Kibertəhlükəsizlik Agentliyinin yaradılması hədəflənir. Bundan əlavə, sənəddə Türk dünyası gəncliyi üçün ortaq bir “Gənclik Məclisi”nin yaradılması nəzərdə tutulur. Şimali Kipr Türk Respublikasının (ŞKTR) Türk Dövlətləri Təşkilatında (TDT) tamhüquqlu üzv statusuna keçirilməsi, ortaq dil və media platformalarının yaradılması da konseptual sənədin əsas bəndləridir.
Viza azadlığı sazişlərinin genişləndirilməsi, Türk dünyası ortaq şəxsiyyət vəsiqəsi tətbiqinin həyata keçirilməsi və vətəndaşların təkcə şəxsiyyət vəsiqələri ilə sərbəst gediş-gəlişinin təmin edilməsi nəzərdə tutulur. Orta Dəhliz, Naxçıvan Dəhlizi, İnkişaf Yolu və Lapis-Lazuli layihələrinin inteqrasiyası ilə fasiləsiz ticarət yollarının yaradılması hədəflənir.
“Gözəl Türküstan, sənə nə oldu?”
Prezident Ərdoğan çıxışına bu sözlərlə başladı: “Türk dünyasının və yer üzünün fərqli guşələrində eyni dili danışdığımız, eyni xəyalı qurduğumuz, qəlblərimizin birlikdə döyündüyü bütün qardaşlarımızın Türk Dili Ailəsi Günü mübarək olsun”.
Türk dünyasının keçdiyi məşəqqətli yola diqqət çəkən Ərdoğan, Özbəkistanın igid övladı Süleyman Çolpanın 1930-cu illərdə yazdığı şeiri xatırlatdı:
“Gözəl Türküstan, sənə nə oldu? Səhər vaxtı güllərin soldu. Çəmənlər viran, quşlar da fəryad, Bəs necə olsun, kədərli olmasın dil-şad?”

Rüstəm Behrudidən sitat
Türkiyə Prezidenti azərbaycanlı şair Rüstəm Behrudinin misraları ilə Türk dünyasının taleyini təsvir etdi: “O hansı millətdir, taleyi sirdir. Yüz ada bölündü, yenə də birdir”.
Boraltan və Qarabağ vurğusu
Ərdoğan çıxışında tarixin qaranlıq səhifələrinə — “Boraltan Faciəsi”nə də toxundu: “Türkiyəyə sığınan Azərbaycan türklərini Boraltan körpüsündə güllələnəcəklərini bilə-bilə qatillərinə təslim etdilər və bu, tarixə bir utanc ləkəsi kimi düşdü”. O, 44 günlük Vətən müharibəsi zamanı da daxili müxalifətin bəzi xəyanətkar açıqlamalarını tənqid edərək vurğuladı ki, artıq o dövrlər geridə qalıb.

Ərdoğana verilən hədiyyənin anlamı
Tədbirin sonunda professor Kürşad Zorlu Prezident Ərdoğana ox və yay təqdim etdi. Türk gələnəyində ox və yay rəhbərə təqdim olunduqda “Sən bu torpaqların qoruyucususan” mesajını verir və mütləq sədaqəti təmsil edir. Bu hədiyyə hökmdarın gücünü və xalq qarşısındakı məsuliyyətini tanımaq deməkdir.
Son nəticə
Aqil Ələsgər qeyd edir ki, AK Partiyada professor Kürşad Zorlunun fəaliyyəti Türk dünyası ilə əlaqələrə yeni nəfəs gətirib. İqtidar gücü ilə türk milliyyətçiliyi arasında artıq heç bir əngəl yoxdur və bu konseptual sənəddə yazılanların reallaşması Türk dünyası tarixinə qızıl hərflərlə yazılacaq bir xidmət olacaqdır.
Aqil Ələsgər












