Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş baş tutub.
Yenicag.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, ilk növbədə enerji sahəsində birgə layihələrin həyata keçirilməsi və digər mövzuda müzakirələrin aparılıb.
Görüşdən sonra keçirilən mətbuat konfransında Ərdoğan Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarükünə dair məsələyə toxunub. O, bildirib ki, müvafiq orqanlar lazımi işləri görəcək və bu həftə işi başa çatdıracaqlar.
Bundan başqa görüşdə Suriya məsələsi də müzakirə olunub. Qardaş ölkə başçısı prezidentlərin növbəti dəfə Soçidə görüşünə ehtiyac yarandığını qeyd edib: “Biz bundan sonra nə edə biləcəyimizi müzakirə etdik və qərara gəldik ki, bu proses üçün ikinci dəfə yenə Soçidə bir araya gələk. Prosesin irəliyə aparılmasından ötrü hansı əlavə addımları ata biləcəyimizi müəyyən edək”.
Ərdoğan eyni zamanda Qüds məsələsinə də toxunub: “ABŞ müsəlmanları, xristianları və hətta yəhudiləri də məyus edən qərar qəbul edib. İsrail bunu Fələstinə təzyiq etmək imkanı kimi görür”.
Vladimir Putin isə danışıqların işgüzar və konstruktiv şəraitdə baş tutduğunu söyləyib: “Biz ikitərəfli əməkdaşlıq, o cümlədən strateji ticarət-iqtisadi və hərbi-texniki layihələrin həyata keçirilməsini müzakirə etdik, beynəlxalq və regional gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi apardıq”.
www.yenicag.az