“Ukraynaya işğalçı hücum edən Rusiyanın özü maliyyə çətinliklərini dəf etməyin yollarını axtarır”.
Bu fikirləri Suriyada Bəşər Əsəd rejiminin nəzarətində olan ərazilərdə əhalinin sosial tələblərlə ayağa qalxmasının səbəblərini şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, Rusiya və İranın effektiv köməyi olmasa, Suriyada “Ərəb baharı”ndakı proseslər yenidən təkrarlana bilər:
“Qeyd etmək lazımdır ki, cəmi 3 ay ərzində Suriya funtu öz dəyərini təqribən 80 faiz itirib. Keçən həftə qeyri-rəsmi bazar məzənnəsi ilə 1 ABŞ dolları 15 min 500 funta satılıb. Halbuki 2011-ci ildə 1 dollar 47 funta bərabər olub. Artıq ərzaq, dərman, yanacaq, ilkin tələbat mallarının qiymətləri nəzarətsiz şəkildə yüksəlir.
BMT-nin məlumatına görə, bu ilin iyun ayında ərzaq səbəti son bir il ərzində 70 faiz artıb. Həmçinin Suriyanın neftlə zəngin əraziləri ABŞ-nin nəzarət etdiyi kürd qruplaşmaları və digər müxalif silahlı qüvvələrin nəzarətindədir. Bu da Bəşər Əsəd hakimiyyətinin, hökumətin gəlirlərinin kəskin şəkildə azalmasına səbəb olub.
Rusiya və İran da Suriyaya əvvəlki kimi maliyyə dəstəyi verə bilmir. İran özü kəskin iqtisadi problemlərlə üzləşib. Ukraynaya işğalçı hücum edən Rusiyanın özü maliyyə çətinliklərini dəf etməyin yollarını axtarır. Rusiya rublu kəskin devalvasiyaya məruz qalıb.
Bütün bu səbəblər Bəşər Əsəd hakimiyyətinin iqtisadi dayaqlarını sarsıdıb. Eyni zamanda, Əsəd ailəsi və onlara yaxın məmurların korrupsiya əməlləri cüzi iqtisadi imkanları da tükəndirir. Məhz buna görə Əsəd hakimiyyətinin əsas dayağı olan ələvi qruplaşmasının təmsilçiləri etiraza qalxıblar.
Çünki Rusiya və İranın nəzarəti zəiflədikcə Əsəd hakimiyyətinin yüksək məmurları daha çox korrupsiya ilə məşğul olurlar. Rusiya və İranın effektiv köməyi olmasa, “Ərəb baharı”ndakı proseslər yenidən təkrarlana bilər.
Bundan başqa, bu proseslərdə son vaxtlar İranın ABŞ ilə qeyri-rəsmi danışıqları və əldə olunan ilkin razılaşmaların da təsiri istisna edilmir. O ehtimal da var ki, Tehran Dəməşqi artıq güzəştə gedib və iqtisadi çətinliklərlə birgə bu proses Suriyada “Ərəb baharı”nın təkrarlanmasını mümkün edə bilər”.
A.Zeynalov
www.yenicag.az