İranın Xameneidən sonrakı dövrə hazırlığı: “İnqilab övladları” nədən imtina edəcəklər?

media-hightechnic-468x90

Tehranın qərarverici dairələrinə yaxın olan İran elitası arasında xarici siyasətin yenidən tənzimlənməsi zərurəti ilə bağlı müzakirələr güclənib. Xüsusilə də Qərbə və ərəb ölkələrinə münasibətdə İsraillə iyun ayında baş vermiş 12 günlük qarşıdurmadan sonrakı mərhələnin tələblərinə uyğun olaraq bu istiqamətin dəyişməsi fikrinə dəstək günü-gündən artır.

Yenicag.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşr bu barədə geniş hesabat xarakterli yazısında diqqəti İran elitasının özündə baş verən bir dəyişikliyə yönəldir: buna “inqilab övladları”nın ikinci nəsli, yüksək vəzifəli rəsmilər və hakim sistem daxilindəki nüfuzlu şəxslər daxildir. 86 yaşlı ali din lider Əli Xameneinin çıxışları isə İsraillə 12 günlük müharibədən sonra minimuma enib. Bunun səbəbi israilli rəsmilərin onu birbaşa hədəf almaqla bağlı verdiyi mesajlar və İran mediasında Xameneiyə varisin təyin olunması istiqamətində aparılan səylərlə bağlı yayılan fərziyyələrdir. Xamenei 1989-cu ildə birinci lider Xomeyninin vəfatından sonra bu vəzifəni qəbul edib və ölkədə son sözü söyləyən şəxsdir.

Hazırda ölkə daxilində region siyasətinin gələcəyi, nüvə proqramının taleyi, Qərbə münasibət və Moskva–Pekinlə ittifaqlar mövzusu ətrafında müzakirələr daha da qızışmaqdadır. Bu proses sanksiyaların yenidən tətbiqindən sonra sürətlənib.

Tehran Universitetində Yaxın Şərq Araşdırmaları üzrə professor və ali liderinin yüksək rütbəli hərbi müşaviri general Yəhya Rahim Səfəvinin oğlu Həmzə Səfəvi deyir ki, İran qərar verməlidir: regional təhlükəsizliyə və dünya nizamına meydan oxuyan, yoxsa onları dəstəkləyən bir güc olmaq istəyir?

44 yaşlı Həmzə Səfəvi bu yanaşmanı Çin modelinə bənzədir. O bildirir ki, Pekin ABŞ-ni tənqid etsə və mövcud nizamı dəyişmək istəsə də, hələ də beynəlxalq səviyyədə qəbul edilmiş çərçivələr daxilində fəaliyyət göstərir.

Son müharibədən sonra Səfəvinin nüfuzu əhəmiyyətli dərəcədə artıb. O, dövlət televiziyasında yayımlanan analitik proqramlarda, universitet debatlarında və müsahibələrdə geniş iştirak edir. Bu çıxışların çoxu nüvə proqramı, İsraillə qarşıdurma və Qərblə münasibətlər kimi mövzulara həsr olunur. Bu da İran hakimiyyətinin ictimai rəy üzərində təsir qurmaq üçün başladığı kampaniyanın bir hissəsidir.

Qəzetin yazdığına görə, Səfəvi hakimiyyətin içindən çıxan praqmatik səslərin nümunəsidir. Bu kəsim hesab edir ki, dövlət ümumi strategiyasını yenidən nəzərdən keçirməli və ABŞ ilə İsrailə qarşı sərt ideoloji xətti yumşaltmalıdır. Onların fikrincə, bu addım gələcəkdə yeni müharibələri önləmək üçün zəruridir.

Məqalədə deyilir ki, bu praqmatik yanaşma hətta bəzi islahatçı rəsmilərin mövqeyini belə geridə qoyur: məsələn, prezident Məsud Pezeşkianın. O, nüvə danışıqlarının bərpasını dəstəkləsə də, hələ də rəsmi xətti təkrarlayaraq İsraili “işğalçı rejim” adlandırır.

Yazıda həmçinin parlamentin keçmiş deputatı və sabiq prezident Əkbər Haşimi Rəfsəncaninin qızı Faeze Haşiminin fikirlərinə də yer verilir. O, açıq şəkildə Vaşinqtonla diplomatik münasibətlərin bərpasına çağırır. O, qəzetə belə deyib:

“Biz əvvəlcə ABŞ ilə diplomatik münasibətləri bərpa etməliyik. Sonra isə fikir ayrılıqlarımız barəsində danışıqlar aparmalı və digər dövlətlər kimi, öz milli maraqlarımızı təmin etməliyik”.

O əlavə edib ki, İranın daha sekulyar (dindən ayrılmış) bir sistemə doğru hərəkət etməsi daha yaxşı olar. Hərçənd bu hazırda mümkün olmasa belə, əsaslı dəyişiklik üçün real addımlar atılmalıdır.

“Financial Times”a görə, bu cür sərbəst və rəsmi xəttdən kənar fikirlər İranın avtoritar quruluşuna baxmayaraq, ölkədə mövcud olan güclü etiraz və müxalifət mədəniyyətini əks etdirir.

İsraillə 12 günlük müharibədən sonra ölkədə rejimin gələcəyi, İranın xarici dünya, xüsusilə ABŞ ilə münasibətləri mövzusunda müzakirələr genişlənib. İsrailin Xameneiyə qarşı sui-qəsd təşkili riski isə hakimiyyəti ölkədə rejimi devirməyə yönələn cəhdlər barədə xəbərdarlıq etməyə vadar edib.

Eyni zamanda, İran daxilində nüfuzlu dairələr Qərbə mesaj verməyə çalışırlar ki, İranda dəyişiklik küçədən və ya xarici müxalifətdən deyil, sistemin öz içindən gəlməlidir. Bu isə gələcək islahat və ya dəyişikliklərin dövlət strukturu çökmədən idarə oluna biləcəyinə işarə kimi dəyərləndirilir.

Nəşrin hesabatı İran siyasi diskursunun ən həssas mövzularından birinə də toxunur: Tehranın nəzəri olaraq Fələstin–İsrail münaqişəsində iki dövlətli həllə dəstək verməsi ehtimalı. Bu mövzuda Həmzə Səfəvi belə deyir:

“Əgər qərarverici mövqedə olsaydım, Səudiyyə Ərəbistanının dəstəklədiyi plana qoşular, İsraili tanımağın şərti kimi 1967-ci il sərhədləri əsasında iki dövlətli həllin qəbulunu tələb edərdim”.

O əlavə edir ki, İsrail heç vaxt iki dövlətli həlli qəbul etməyəcək, amma İran göstərmiş olar ki, beynəlxalq səviyyədə qəbul edilmiş nizamı pozmağa çalışmır. Səfəvi onu da qeyd edib ki, qısamüddətli perspektivdə İran İsraili tanıya bilməz. Xameneinin rəhbərlik etdiyi müddətdə tanıma tamamilə mümkünsüzdür.

Hesabatda bölgədəki “vəkil qüvvələr” siyasətinə qarşı daxili tənqidlər də qeyd olunur. Qəbul edilir ki, bu siyasət ərəb ölkələri ilə münasibətlərdə ciddi gərginlik yaradıb və ideoloji hegemonluq qorxularını aradan qaldırmaq üçün regional dialoq zəruridir.

Nəticə olaraq, bildirilir ki, bu müzakirələrin əsl əhəmiyyəti dərhal təsirində deyil, Xameneidən sonrakı dövr üçün formalaşan mübarizədədir. Artıq indidən gələcək rəhbərliyin konturları uğrunda ideya və nüfuz savaşı başlayıb. Ölkədə 90 milyon əhalinin geniş təbəqələri isə davam edən ideoloji qarşıdurmaların iqtisadi və sosial vəziyyəti pisləşdirdiyini düşünür.

Həmzə Səfəvi həmçinin ənənəvi siyasi elitanı aşan daha geniş və inklüziv idarəetməyə ehtiyac olduğunu vurğulayır. O, xüsusilə ABŞ sanksiyalarından yayınma mexanizmləri ilə bağlı korrupsiyanın aradan qaldırılmasını və ölkədə daha çox azadlıqların təmin edilməsini tələb edir.

Faeze Haşimi isə belə deyir:

“Cəmiyyətin böyük əksəriyyəti istəyir ki, İran dünya nizamına inteqrasiya olunmuş normal bir dövlətə çevrilsin”.

O əlavə edir ki, islahatçılardan tutmuş, mühafizəkarlara və hətta bəzi sərt tərəfdarlara qədər sistemin içində olan bir çox insan özəl söhbətlərdə onunla razıdırlar, sadəcə bunu açıq deməyə cəsarət etmirlər.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa