“Ermənistan əldə edilən razılaşmanı yerinə yetirməkdən yayınmamalıdır”
“Ermənistan ABŞ-də əldə edilən razılaşmanı yerinə yetirməkdən yayınmamalıdır. Burada da təbii ki, ilk yerdə konstitusiya dəyişikliyi məsələsi dayanır. Ermənistan Konstitusiyası, ona bağlı ana sənədlərdə Azərbaycan torpaqlarına iddia məsələsi, Qarabağın Ermənistana birləşdirilməsi məsələsi hələ də qüvvəsindədir. Bu mənada mən düşünürəm ki, bu məsələyə Ermənistanın xüsusi diqqət yetirməsi lazımdır”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycana, Prezident İlham Əliyevə qərb ölkələri tərəfindən İkinci Qarabağ müharibəsindən sonra təzyiqlər olunurdu: “Yəni qərəzli açıqlamalar verirdilər. Azərbaycan bu təzyiqlər qarşısında geri çəkilmədi və bu sənəd imzalandı. İndi həmin təşkilatlar, şəxslər Azərbaycanı təbrik edirlər, təqdir edirlər. Hesab edirəm ki, bu, Azərbaycanın illərdir doğru yolda olduğunun göstəricisidir. Bu məsələlər faydalı məqamları özündə ehtiva edir və Prezident İlham Əliyevin regionda və dünyada sülh olması üçün atdığı bu addımın nə qədər doğru, yerində və dürüst, lazımlı bir qərar olduğunun zamanla dünya ölkələri də, bizim əleyhimizə çıxanlar da qəbul edəcək”.