Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyan etiraz aksiyalarına liderlik Nikol Paşinyanla danışıqlardan imtina edib.
Bu barədə bu gün Ermənistan baş nazirinin mətbuat katibi məlumat yayıb. Məlumatda qeyd olunub ki, Karapetyan Paşinyanla görüşmək üçün heç bir əsas görmür və bu görüşü özü üçün alçaldıcı hesab edir.
“Paşinyanın növbəti dəvəti öncəkindən demək olar ki,fərqlənmir. Odur ki, mənim cavabım yenə də mənfidir. Bir tərəfin sadəcə öz gündəliyində dayanan məsələləri diktə etdiyi, digər tərəfin isə bunu edə bilmədiyi danışıqlar faydalı hesab oluna bilməz”, -deyə Karapetyanın açıqlamasında bildirilir.
Qeyd edək ki, müxalifətin bu günə qədər də davam edən etiraz aksiyaları nəticəsində Serj Sarkisyan istefa verdi, hakimiyyət isə güzəştlərə getdi. Lakin bütün bunlar aksiyaları yatırmağa kömək etmədi, əksinə etiraz dalğası daha geniş vüsət aldı. Artıq Ermənistanın paytaxtı ilə yanaşı, digər şəhərlərdə də insanlar etiraz aksiyaları keçirməyə başlayıb. Həmçinin, aksiya iştirakçılarının tələbləri də sərtləşib. Belə ki, onlar artıq bütün hakimiyyətin, bütün nazirlərin istefaya getməsini və bütün dövlət sisteminin tamamilə dəyişməsini tələb edirlər.
Karapetyanın kameralar önündə keçirilməsini istədiyi görüş artıq öz-özlüyündə onu deməyə əsas verir ki,danışıqların aparılmasında məqsəd hansısa nəticələr əldə etmək deyil. Bu səbəbdən də hər hansı bir qərarın qəbuluyla yekunlaşmaq şansı olmayan dialoqda iştirak etmək Karapetyan üçün mənasız görünür.
Paşinyan isə öz növbəsində xalqın dəstəyi və hakimiyyətin güzəştlərindən ilhamlanaraq tələblərini sərtləşdirir və artıq özünü Ermənistan inqilabının lideri, ölkənin rəhbəri hesab edir. Ermənistan hakimiyyətilə yanaşı, Paşinyan xarici dövlətlərə də ultimatumlar verməyə başlayır və onlara qarşı tələblər irəli sürür.
Görünən odur ki, Paşinyan arxasında hansısa geosiyasi gücün dəstəyini hiss edir. Təəccüb doğuran bir məqam da ondan ibarətdir ki, yerli hakimiyyət aksiya iştirakçılarını dağıtmağa cəsarət etmir. Mitinq və yürüşlərin keçirilməsi texnologiyası, açıqlamalar, fəalların çıxışlarının mətnləri, plakatlar, bütün bunlar ondan xəbər verir ki, “Erməni baharı” planı prosesi idarə edən və bu ölkədə rusiyameyilli hərbi xuntu neytrallaşdırmaq üzrə çox incə siyasi oyunlar aparan dərin və ciddi güclər tərəfindən hazırlanıb. Hələ ki Kreml SSRİ-nin süqutundan bu ölkədə saxladığı qruplaşmalarını, öz silahlı qüvvələrini hazır vəziyyətə gətirmir. Moskvanın susqunluğu bütün bu proseslərin arxasında ciddi qüvvələrin dayandığını göstərir. Bu qüvvələr Kremlin “gəlinini” qaçırmaqda maraqlıdırlar. Bütün bunlar daha total böhrana, daxili müharibəyə gətirib çıxara bilər. Bu daxili çaxnaşma isə bir neçə il sonra Ermənistanı bütünlüklə siyasi xəritədən silmək, regionu Kremlin hərbi-syasi maraqları çərçivəsində ölü zonaya çevirmək iqtidarındadır.
Bu gün Kremli daha çox Suriya ssenarisi qorxudur. Belə ki Moskvanın bu ölkədə müxalifəti tamamilə məhv etmək istəyi Qərbin Ermənistana müdaxiləsilə nəticələnə bilər. Yekunda ölkədə vətəndaş müharibəsi başlayar və Rusiya öz burnunun dibində ikinci Suriya yaratmış olar. Odur ki, Kreml hazırda Ermənistan müxalifətini sakitləşdirməyə, onları “Ermənistan Rusiyadan başqa heç kimə lazım deyil” fikrinə, Rusiyadan imtina olunacağı təqdirdə Azərbaycanın bu ölkəni darmadağın edib, Qarabağı qaytaracağına inandırır.
Ermənistandakı bu proseslərin fonunda Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyaya səfər üçün dəvət aldı. İlham Əliyevin britaniyalı siyasilərlə danışıqlarının detalları bəlli olmasa da, hamıya aydındır ki, burada Ermənistandakı son hadisələr müzakirə olunub. Böyük Britaniyanın Ermənistanın daxili siyasi proseslərində Qərb tərəfindən çıxış edən başlıca xarici oyunçu hesab olunmasını nəzərə alsaq, deyə bilərik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeni variant da istisna olunmur. Bu variantın əsasında Qərb Rusiyanın gələcəkdə məcburən regiondan çıxmasından sonra Cənubi Qafqazda vəziyyətə nəzarət edəcək.
Ermənistan ətrafındakı və bütünlüklə daxildəki vəziyyət hələ aydın deyil, bu isə Putini narahat edir. Qərb çox incə, hiyləgərcə oyun aparır. Ona görə də, gələcək siyasi gedişləri təxmin etmək demək olar ki, mümkünsüzdür. Rusiya isə erməniləri təhdid edir və inqilabdan çəkindirməyə çalışır.
Qələbəsinə əmin olan Paşinyan isə bildirib ki, ötən gün Ermənistan prezidenti Armen Sarkisyanla görüşüb və görüşdə onunla Ermənistandakı vəziyyəti, siyasi böhrandan mümkün çıxış yollarını müzakirə edib. Həmçinin əlavə edib ki, Sarkisyan ona Böyük Britaniya vətəndaşlığını həqiqətən 2011-ci ildə itirdiyini təsdiqləyən sənədlərini təqdim edib.
Buradan isə belə qənaətə gəlmək olar: əgər prezident müxalifət liderinə polisə göstərircəsinə pasportunu təqdim edirsə, deməli burada vəziyyət çox ciddidir.
Yeni Çağ Analitik Qrup
www.yenicag.az