“Ordumuz Ermənistanın ata biləcəyi təxribat xarakterli addımların qarşısını almaq üçün bütün imkan və potensialından istifadə edəcək”.
Bunu Yenicag.az-a açıqlamasıdna Ermənistanın ABŞ ilə birgə hərbi təlimlərə başlamasının Azərbaycana qarşı yönəlməsi ehtimalından danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, ölkəmizin yerləşdiyi coğrafi mövqe, xüsusilə Ermənistanın son 35 il ərzində davranışları Azərbaycanın daim istənilən ssenariyə hazır olmasını tələb edir.
“Sülhün əldə olunması üçün güclü orduya sahib olmaq əsas şərtlərdən biridir. ABŞ-nin işğalçı Ermənistanı dəstəkləməsi, hərbi təlimlərə cəlb etməsi birmənalı olaraq Azərbaycan tərəfindən dərin narahatlıq hissi ilə qarşılanır. XXI əsrin fərari ordusuna malik Ermənistanın ABŞ-la birgə təlimlər keçməsi regiondakı mövcud reallıqları dəyişmək iqtidarında deyil. Lakin Ermənistanı cəsarətləndirə, növbəti hərbi, siyasi təxribatlara sövq edə bilər”, – deyə o bildirib.
Hərbi ekspert vurğulayıb ki, hazırki vəziyyətdə müharibə ehtimalı yoxdur.
“Lakin Ermənistanın gərginlik, hətta müəyyən ərazilərdə süni lokal toqquşmalar yaratmaq üçün addımlar ata biləcəyi istisna edilmir. Bu səbəbdən düşmənin fəaliyyətlərini, yeni əldə etdiyi silahların sərhəd zonasına yaxınlaşdırmasını izləyirik. Ordumuz Ermənistanın ata biləcəyi təxribat xarakterli addımların qarşısını almaq üçün bütün imkan və potensialından istifadə edəcək”, -deyə hərbi ekspert bildirib.
O, Ermənistan baş naziri Nikol Paşinyanın Londonda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən imtina etməsindən danışarkən qeyd edib ki, bu, bir daha İrəvanın sülhdən bəhs etsə də, fəaliyyətlərinin tam əksinə olduğunu göstərir:
“Belə olan təqdirdə, biz də fəaliyyətlərimizi ərazidə və danışıqlar masasında baş verən proseslərin ruhuna uyğun şəkildə planlaşdırmalıyıq”.
Nəsimi Ələsgərli
www.yenicag.az