“Ermənistan və Paşinyan Vaşiqtonla “flört” edir” – Endryu Koribko

 

“Rusiya ABŞ-nin Azərbaycan-Ermənistan sülhünə vasitəçilik rolunu əvəz etmək istəməsindən narahatlığını ifadə edib. Sabah baş tutacaq görüş isə Rusiya prezidenti Vladimir Putinin şəxsi diplomatiyası sayəsində hər iki liderə 2020-ci ilin noyabrında atəşkəsin əldə olunmasında Moskvanın vasitəçilik rolunu xatırlatmaq cəhdi kimi qiymətləndirilə bilər”.

Bu sözləri Rusiyada yaşayan amerikalı siyasi analitik Endryu Koribko deyib.

O, sabah Moskvada baş tutması gözlənilən Əliyev-Paşinyan görüşü ilə bağlı fikirlərini səsləndirib.

Xatırladaq ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin Moskvada İlham Əliyev və Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək. Üçtərəfli görüş hələ planlaşdırılmayıb.

Prosesləri şərh edən mütəxəssis isə düşünür ki, ABŞ-nin vasitəçilik üçün təyin edəcəyi adamdan fərqli olaraq, Putin hər iki liderlər eyni dildə – rusca danışır və Rusiya uzun illərdir ki, bu məsələnin həlli ilə məşğuldur.

“Azərbaycan Rusiyaya yaxındır, İlham Əliyev də Putinin yaxşı dostudur, amma buna baxmayaraq, Amerikanın vasitəçiliyini istəyən, Vaşinqtonla “flört” edən isə Ermənistan və onun baş naziri Nikol Paşinyandır. Bu, Putinə qarşı laqeydlik və ermənilərin Qərbyönlü mövqeyinin əlaməti kimi nəzərdə tutulur, lakin bunun gerçəkləşib-keçməyəcəyini təxmin etmək hələ tezdir”.

“Necə deyərlər, tanqoya iki nəfər lazımdır. Əgər Ermənistan Amerikanın vasitəçiliyini tələb etsə və Azərbaycan da bu məsələdən rahatsız olsa, belə olan halda tərəflər arasında heç nə alınmayacaq. Hələlik bilmək vacibdir ki, Putin hər hansısa bir amerikalı ilə əvəzlənmək istəmir və o, qərara vasitəçilik etmək üçün ən yaxşı etimadnaməyə malik ən təcrübəli şəxs rolunu hələ də qoruyub saxlayır”, – deyə siyasi təhlilçi fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov