“Qarşıda bizi bundan da çətin problemlər və proseslər gözləyir. Bu baxımdan, hər şeyə hazır olmalıyıq”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanın uğurlu hərbi əməliyyatları fonunda Ermənistanın dərs çıxarmaması və yenidən təxribatlara əl atmasının mümkün nəticələrindən danışan hərbi ekspert Telman Qasımov deyib.
Onun sözlərinə görə, sülh müqaviləsi nə qədər ki, yoxdur, gərginlik ara-sıra səngiməklə daim davam edəcək:
“Ermənistan təkbaşına deyil. Bu səbəbdən ondan adekvat və doğru qərar gözləmək çətin məsələdir. İrəvanı istər atəşkəs pozuntusunda, istər təhdid bəyanatlarında, istərsə də digər addımlarını istiqamətləndirən qüvvələr var. Qısacası, Ermənistan nə qədər ki, ondan-bundan asılıdır vəziyyət eyni olaraq qalacaq”.
Həmsöhbətimizin fikrincə, həmçinin Ermənistanın sərbəst və müstəqil ölkə olmaması səbəbindən danışıqlar masasına oturmaq olmur:
“Yiyəsi bir deyil, iki deyil ki, çağırıb danışasan, ortaq məxrəcə gələsən. Başı sıxışan kimi gah ABŞ-yə, gah Fransaya, gah İrana, gah da Rusiyaya qaçır. Bir sözlə, bu cür yiyəsiz ölkə ilə qonşu olub prosesləri nəzarətdə saxlamaq çox çətindir”.
“Daha öncə də qeyd etmişdim. Müharibənin bitməsi Ermənistanla bütün problemlərimizin həll olunduğu mənasına gəlmir. Qarşıda bizi bundan da çətin problemlər və proseslər gözləyir. Bu baxımdan, hər şeyə hazır olmalıyıq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az