“Biz Ermənistan-Azərbaycan münaqişəsinə baxsaq, görərik ki, bəzi muzdlu qruplar və terrorçular Ermənistan tərəfindən istifadə olunub”.
Bu sözləri Yenicag.az-la söhbətində “Turan” İnformasiya Agentliyinin baş direktoru, politoloq Mehman Əliyev deyib.
Müsahibimiz Ermənistanın Qərbi Zəngəzura və digər ərazilərə PKK terror təşkilatının üzvlərinin yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Xatırladaq ki, Fransanın “Le Figaro” qəzeti tərəfindən yayımlanan məqalədə Paris-İrəvan xətti ilə bağlı maraqlı detallar açıqlanıb.
Bundan əlavə, sözügedən iddia ilə çıxış edən Atatürk Universitetinin müəllimi Savaş Eğilmez söyləyib ki, regionda baş verən son proseslər onu göstərir ki, bəzi Qərb dövlətləri, o cümlədən Fransa və İran Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün irrasional fəaliyyətlə məşğuldurlar.
“Xüsusən də Fransa və İran terror qruplaşmalarını dəhlizə yerləşdirir, onları silah və maliyyə ilə təmin edir. Zəngilandan başlayaraq Daşkəsənə qədər uzanan xəttə PKK terrorçuları da daxil olmaqla 10 min silahlı yerləşdirilib. PKK/YPG terror təşkilatından başqa “Sasna Tsrer”, “Voma”, “Poqa”, “Nor ASALA”, “Bever”, “Yerkrapa” kimi erməni terror qrupları da var”, – deyə o qeyd edib.
Açıq mənbələrdə əksini tapan bəzi məlumatlarda Zəngəzur dəhlizinə yerləşdirilən bu terrorçulara gündə 12 dollar maaş verildiyi və bunun Fransa və erməni diasporu tərəfindən maliyyələşdirildiyi iddia edilir.
Bundan başqa, təhlükəsizlik mənbələri Ermənistan-Azərbaycan sərhəd xəttində və Zəngəzur torpağında yerləşdirilən terrorçu və dəstələrin PKK terror təşkilatı tərəfindən ciddi şəkildə dəstəkləndiyini bildirir.
Məsələyə münasibət bildirən M. Əliyevin fikrincə isə 1990-cı illərin əvvəllərindən, yəni Birinci Qarabağ müharibəsi başlayana qədər, hətta müharibə dövrü və İkinci Qarabağ müharibəsində də İrəvan tərəfindən muzdlu qruplaşmalar Azərbaycana qarşı istifadə olunub.
“2020-ci ilin oktyabr aylarının sonunda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı oldu. Daha sonra Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxış zamanı qeyd etdi ki, o, Putinlə söhbətində Qarabağda – Şuşa və Xankəndidə 2 minə yaxın terrorçuların mövcudluğunu dilə gətirib və əlavə edib ki, onlar Türkiyənin düşmənləridir. Ona görə də Türkiyə tam şəkildə hüquqa malikdir ki, onlara qarşı əməliyyat keçirsin və gər onlar oradan çıxarılmasa, Türkiyə bunu edəcək. Belə bir şey parlamentdə bəyan edilmişdi”, – deyə o bildirib.
“Bununla da Prezident Ərdoğan təsdiqləmişdi ki, İkinci Qarabağ müharibəsində muzdlu terrorçular iştirak edib. İndiki vəziyyətə – Ermənistanın silahlandırılması nəticəsində vəziyyətin gərginləşdirilməsinə və yaxın keçmişə baxsaq, əlbəttə ki, sözügedən iddialar mümkündür. Hətta bunun üçün əsaslar da var”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az