“Paşinyan məsuliyyətdən yayınmağa çalışır”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi üçün iki il vaxt istəməsinin mahiyyətindən danışan politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Paşinyan, konstitusiya dəyişikliyi məsələsini süni olaraq uzatmağa çalışır.
“Əvvəlki çıxışlarında o, reallığa uyğun olmayan, ərazi iddialarını əks etdirən bəndlərin dəyişikliyinin vacibliyini vurğulayıb. Bunu Azərbaycan da çox müsbət qarşıladı. Daha sonra nə baş verdisə prosesi uzatmağa başladı. İndi isə gələn parlament seçkilərinə qədər iki il vaxt istəyir”, – deyə o bildirib.
Politoloq vurğulayıb ki, bu vədə inanmaq olmaz.
“İlk olaraq bu zaman kəsiyində Ermənistanda çox hadisələrin baş verə biləcəyini nəzərə almaq lazımdır. Paşinyanı devirə də bilərlər, öldürə də. Onun yerinə gələn şəxs isə həmin bənddən imtina edə bilər.
Əsas prinsipial mövqeyimiz sözügedən məsələnin qısa müddətdə öz həllini tapmasından ibarətdir. Paşinyan isə məsuliyyətdən yayınmağa çalışır. Lakin Azərbaycana qarşı ərazi iddiaları əks olunan Ermənistan konstitusiyasında mövcud dəyişiklik edilmədən sülh sazişi imzalamaq mümkün deyil. Paşinyan Azərbaycanın əsas şərtini yerinə yetirmək məcburiyyətindədir”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az