Ermənistanda DAXİLİ BÖHRAN: Paşinyan seçkilərə qalib gələcəkmi?
“Qarşıdakı günlər bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyini göstərəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov , Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısındakı ciddi siyasi maneələri və Rusiyanın bu prosesdəki rolunu şərh edib.
Politoloq bildirib ki, Ermənistanda parlament seçkilərinə az vaxt qalmış, Paşinyan həm daxili, həm də xarici qüvvələrdən təzyiqlərlə üzləşir. Onun sözlərinə görə, Rusiya, Paşinyanı devirmək və ya seçkilərdə məğlub etmək üçün hər vasitəyə əl atacaq.
“Rusiya nə bahasına olursa-olsun, ya Paşinyanı devirmək, ya da seçkilərdə onu məğlub edəcək real qüvvə formalaşdırmağa çalışır. Artıq bəlli olub ki, Koçaryan və Sarkisyana bel bağlamaq, onların Paşinyanı məğlub edəcəyinə ümid etmək ağılsızlıqdır. Bu siyasətçilər xalq tərəfindən dəstəklənmədiyi üçün onların nüfuzları çox aşağıdır”, – deyə politoloq vurğulayıb.
Səmədov, Paşinyanın reytinqinin də aşağı düşdüyünü qeyd edib. Bu vəziyyətdə isə Ermənistanda ən güclü alternativ olaraq kilsənin və erməni əsilli milyarderlərin birləşərək yeni güc mərkəzi formalaşdırmağa çalışdığına diqqət çəkib:
“Bu məqsəd üçün Samvel Karapetyan, Ermənistan Kilsəsini və bütün ermənilərin Katolikosu II Qareqini müdafiə edərək, hakimiyyəti devirməyə çağırıb. Karapetyan açıq şəkildə bildirib ki, ya Ermənistan hakimiyyəti davranışını dəyişəcək, ya da onlar öz tədbirlərini görəcəklər. Bu ifadə geniş spektri əhatə edə bilər – məcburi siyasi təzyiqlərdən terror aktlarına qədər.”
Bütün bunlara cavab olaraq, Paşinyan hakimiyyəti Samvel Karapetyanı həbs edib və bir neçə din xadimi də tutulub. Paşinyan çox təhlükəli bir oyuna başlayıb. İndi əsas suallar bunlardır:
Onun gücü sona qədər çatacaqmı?
Samvel Karapetyanı həqiqətən uzun müddət həbsdə saxlamaq mümkün olacaqmı?
Bu qarşıdurmanı uğurla başa çatdırmaq mümkündürmü?
Əgər Paşinyan bu mübarizədən qalib çıxarsa, hakimiyyətini möhkəmləndirəcək və seçkilərdə qələbə şansı artacaq. Lakin, əgər Samvel Karapetyan və həbsdə olan din xadimləri azadlığa buraxılarsa, Paşinyanın seçkilərdə qalib gəlmə ehtimalı azalacaq.
Politoloq əlavə edib ki, “qarşıdakı günlər bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyini göstərəcək.”
Nəsimi Ələsgərli