Baxmayaraq ki, Ermənistan hakimiyyəti təcili seçkilərin gündəmdə olmadığını təkzib edir, amma siyasi proseslər və hakimiyyətin addımları bunun əksini göstərir. Son dövrlərdə özünü buraxmış separatçı “Artsax” Müdafiə Ordusu”nun keçmiş “komandan”ı Samvel Babayan yenidən aktivləşib və onun hədəfi artıq nə keçmiş hakimiyyət nümayəndələri, nə də Qarabağın rəhbərləri deyil, əksinə, birbaşa “Respublikaçılar” Partiyasının sədri Aram Sarkisyandır.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Babayan və Aram Sarkisyan açıq münaqişəyə giriblər. Mübahisənin əsas mövzuları Ermənistanın Milli Qəhrəmanı Vazgen Sarkisyan və Mehri rayonunun təhvil verilməsi, eləcə də Babayanın Müdafiə Ordusu komandanı vəzifəsindən uzaqlaşdırılmasıdır.
Bəzi mənbələrin məlumatına görə, Paşinyan Qərbyönlü siyasətçilərin artan nüfuzundan narahatdır və onlara qarşı hücumları təşviq edir. Ümumiyyətlə, o, “parçala, hökm sür” prinsipinə əsaslanaraq, Qarabağ erməniləri olmuş seçicilərin səslərini yönləndirməyə və onların radikal müxalifətə keçməsinin qarşısını almağa çalışır.
Rafi Müslümov
www.yenicag.az