“Avropa İttifaqının 4 il ərzində Ermənistana 270 milyon avroluq qrant verməsi həm sürpriz, həm də çoxlu müzakirələrə səbəb olub”.
Yenicag.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri erməni gərbi ekspert, politoloq Hayk Nahapetyan bildirib.
Onun sözlərinə görə, hazırda Qərbə Ermənistanla iqtisadi əməkdaşlıq və ya necə deyərlər, Rusiyadan asılılığı qırmaq lazımdır.
“Məncə, sözügedən vəsaitlər, ilk növbədə, bu məqsədlə verilir. Hərbi nöqteyi-nəzərdən Rusiya sərhədçilərinin və bazasının çıxarılması hazırda müəyyən problemlər yarada bilər, həmçinin iqtisadi baxımdan Ermənistanı Avropa Birliyinin nəzarətinə almaq maliyyə cəhətdən ölkəmizdə tədricən sıxıntılara səbəb olacaq. Hesab edirəm ki, Ermənistanı Rusiya ilə iqtisadi əlaqələrdən tamamilə kəsmək üçün pul kifayət deyil”, – deyə Nahapetyan bildirib.
Siyasi təhlilçi iddia edib ki, avropalılar bu pulu ona görə verirlər ki, Ermənistanın Rusiya ilə əlaqəsi olan biznes qurumları əlaqələrini dərhal kəssin:
“Ermənistan, əsasən, kənd təsərrüfatı məhsulları ixrac edir və onun əsas bazarı Rusiyadır. Bu qidaları istehlak etmək üçün isə yeni bazar lazımdır. Türkiyə ən ucuz kənd təsərrüfatı məhsullarını ixrac edən ölkədir, yəni bunu Türkiyə istehlak edəcək. Problem də buradadır. Rusiya bu proseslərə necə reaksiya verəcək? Bu iqtisadi əməkdaşlıq yalnız bir komponentdir, digər komponent haqqında isə heç nə deyilməyib”.
“Digər komponent, məncə, daha çox təhlükəsizlik arxitekturasının dəyişdirilməsi, yəni Rusiya hərbi mövcudluğunun Ermənistandan çıxarılması ilə bağlıdır. Qərb bunda maraqlıdır, iqtisadi komponent isə törəmədir. Və belə olan halda sual yaranır: orada olan Armen Qriqoryan iqtisadi komponent üzrə mütəxəssisdirmi? Mən fikirləşirəm ki, bu mövzuda konkret danışıqlar olub və bu barədə təbii ki, heç bir mesaj olmayacaq. Ona görə ki, Armen Qriqoryanın heç bir şəkildə iqtisadi fəaliyyətlə və s. ilə əlaqəsi yoxdur.
Ermənistan üçün mümkün ssenarilər bu gün baş verən geosiyasi təlatümlərdən asılıdır. Nəzəri olaraq, əgər ilin sonuna qədər Qərb Rusiyanın Ukrayna cəbhəsində irəliləyişini dayandırmaq üçün əks tədbirlər həyata keçirə bilməsə, bu o deməkdir ki, o, Rusiyanın təsir dairələrinin təkcə Ukraynada deyil, həm də digər postsovet məkanının bütün respublikalarında olması ilə barışacaq”, – Nahapetyan əlavə edib.
“Qara dənizin tutulması, Odessa və Nikolayev vilayətlərinin ələ keçirilməsi problemi hələ də durur. Amma, buna baxmayaraq, rus qoşunlarının irəliləməsi və Ukraynanın müdafiə xətlərinin dağıtması terrorla cavablandırıldı. Rusiyanın etdiyi kimi ukraynalılar da dronlarla Rusiyanın dərinliklərinə, sənaye mərkəzlərinə, enerji anbarlarına hücum edib daxildə terror aktları törətdilər. Yəni Qərb qərar verib ki, cəbhədə uğur qazana bilmədiyinə görə Avropa ölkələrinin hərbi sənaye komplekslərinin tam sürətlə işləməsi və vaxt udmaq üçün Rusiyanın daxilində problemlər yaradacaq. Çünki göz qabağındadır ki, Ukrayna ordusunun ciddi sursat problemi var, düşünürəm ki, bu gün Qərb problemin həllində maraqlı deyil”, – o, söyləyib.
Nahapetyan bildirib ki, ABŞ dünyanın yenidən bölüşdürülməsi məsələsinin həll olunduğu fikri ilə barışsa, onda Rusiya bunun arxasınca düşəcək ki, Sovet İttifaqının bütün ölkələrində öz təsirini bərpa etsin:
“Lakin Qərbin əlində bir neçə ciddi aləti var, o cümlədən Rusiya daxilində terror aktları həyata keçirmək, uzaqmənzilli raketlərdən və pilotsuz təyyarələrdən istifadə etmək, postsovet məkanının müxtəlif respublikalarında Rusiyaya qarşı əməliyyatlara başlamaq və s. Demək istəyirəm ki, Qərbin alətləri var, o, bir cəbhədə uduzur, amma digər cəbhələrdə asimmetrik addımlar atacaq. Qorxum bu addımların Ermənistan hakimiyyəti tərəfindən anlaşılmamasıdır”, – fikirlərini tamamlayıb.
Rafi Müslümov
www.yenicag.az