“Ermənistanın dövlət yolları Azərbaycanın nəzarətinə keçəcək”.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib. O, Razdan-Kayan dəmir yolu istifadəyə verilsə, nə baş verə biləcəyindən danışıb.
“Bu yaxınlarda Ermənistan hökuməti yol ayrıcının nə olduğunu göstərən video təqdim etdi. Hökumət “Dünyanın kəsişməsi” layihəsini sülh gündəminin mühüm tərkib hissəsi adlandırır. Dəmir yollarının təmirindən, onların istismarından, gömrük məntəqələrinin tikintisindən, yolların açılmasından danışır.
“Dünyanın kəsişməsi” layihəsi 5 yeni gömrük məntəqəsinin tikintisi və Razdan-Kayan marşrutunun fəaliyyət göstərməsindən, istismarından bəhs edir. Yəni Razdandan birbaşa Qazaxıstana gedən yol Azərbaycandan keçəcək.
Stansiya İcevanın Ayqeovit (Uzuntala, Qaraqoyunlu – red.) icmasında yerləşir, stansiyanın özündə yeni gömrük postu tikiləcək.
Danielyan bildirib ki, dəmir yolunun istismarı Ermənistan üçün təhlükə yaradacaq.
“Razdan-Kayan dəmir yolunun istismarı Tavuşun, eləcə də Lori bölgəsinin müdafiə xətti üçün böyük təhlükə yaradır. Bu dəmir yolunun istismarı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.
“Vağzal Ayqeovit kəndindir, vaxtilə buradan Razdan-İcevan-Qazax dəmir yolu xətti keçib. Stansiyanın yaxinliginda Barxudarlu ve Sofulu kəndləri var. Bu kəndlərdə Sovet İttifaqı illərində azərbaycanlılar heyvandarlıqla məşğul olublar. Sonralar anklav statusu alıblar.
Azərbaycanın məqsədi bu əraziləri öz nəzarəti altına almaqdır. Burada strateji əhəmiyyətə malik yüksəkliklər var və bu ərazilərdə 30 ildən artıqdır ki, möhkəmləndirmə işləri aparılır.
Bu, Tavuşun müdafiə xəttidir, bu addımla bölgənin müdafiə xəttini məhv etmək istəyirlər. Sonra yeni problemlər yaranacaq. Azərbaycan sərhədi Azatamut binalarının yaxınlığından başlayır.
Azatamut sakinləri də təhlükə altındadır. Bir neçə kilometr aralıda Azərbaycan bazası var. Vazaşen və Ayqeovit də təhlükədədir. Eləcə də Voskepar və Bağanıs kəndləri Noyemberyan sektorundan təhlükə altındadır.
Orada Gürcüstana dövlətlərarası yol, eləcə də Ermənistana daxil olan qaz kəməri var. Yuxarı Voskepar hissəsində Lori bölgəsi ilə sərhəd yaradılır. Yəni bu layihə reallaşarsa, Lori bölgəsi də sərhədə çevriləcək və Tavuşun müdafiə sistemi tamamilə məhv olacaq.
Bütün bunların müqabilində Azərbaycan bizə heç nə verməyəcək. Belə olan halda Ermənistan unikal anklava çevrilərək böyük təhlükə ilə üzləşəcək.
Dövlətlərarası yollarımız, magistrallarımız faktiki olaraq Azərbaycanın nəzarətinə keçəcək. Eyni sözləri Tiqranaşen (Kərki – red.)haqqında da demək olar. Deməli, bütün bunlar təsadüfi deyil. Elə edilir ki, Ermənistana gedən iki mühüm yol iflic vəziyyətinə düşsün.
Ermənistanda yaşayan insanların həyatını mümkün qədər dözülməz hala gətirirlər. İndi xarici dünya ilə iki yol var – Gürcüstan və İran vasitəsilə, onu da dağıtmağa çalışırlar. Ermənistanı mümkün qədər Türkiyə-Azərbaycan dairəsinə sıxmağa cəhd edilir”, – Danielyan qeyd edib.
Xuraman Etibarlı
www.yenicag.az