Ermənistanın mülki infrastrukturumuza ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu - FOTO

media-hightechnic-468x90

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 19-da davam etdirilib.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs David Manukyana növbəti suallar verib. O, əvvəlcə Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mina basdırılması ilə bağlı sualları cavablandırıb.

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, müxtəlif vəzifələr tutmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Azərbaycanın vaxtilə işğaldakı ərazilərində keçmiş qondarma rejimin “ordusu”nda (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsində – red.) “komandanın birinci müavini” olmuş Ermənistan vətəndaşı David Manukyan Birinci Qarabağ müharibəsində mina basdırılması və təmizlənməsi ilə məşğul olmadığını bildirib. Təqsirləndirilən şəxs daha sonra deyib: “Şərti dinc dövrlərdə hərbi hissədə komandiri olduğum zaman o qədər də çox olmasa da, minalarla bağlı hadisələr (mina basdırılmasını nəzərdə tutur – red.) baş verib. Formulyarların və xəritələrin saxlanması ilə bağlı çox aydın şəkildə təlimatlar verilib. Hər bir minalanma işindən əvvəl yuxarı komandanlıq tərəfindən əmr verilirdi”.

Onun sözlərinə görə, əmrdə mina formulyarlarının, xəritələrinin, sxemlərinin neçə nüsxədə hazırlanmalı olduğu aydın şəkildə yazılıb. D.Manukyan daha sonra bildirib: “Orada ünvanlar qeyd olunur ki, hansı ünvana nə göndərilsin. Biz də əmrdə qeyd olunan maddələrə əsasən fəaliyyət göstərmişik”.

O deyib ki, mina ən yüksək dairədə saxlanılır, aşağılara yuxarıdan paylanır. Hərbi hissəyə nə qədər mina lazımdırsa, o qədər verilirdi. Çünki bunun üçün konkret çıxış nöqtələri müəyyənləşdirilməlidir.

Təqsirləndirilən şəxs prokurorun “Bəs sizdən aşağıda olan diviziya komandirləri sizə məruzə etmədən, korpus rəhbərliyinə məlumat vermədən, öz təşəbbüsləri ilə əraziləri minalaya bilərdilərmi? Bu hüquqları olubmu?” sualına isə “xeyr” cavabını verib.

Təqsirləndirilən şəxs muzdu hərbçilərlə bağlı sualı da cavablandıraraq qeyd edib ki, Xankəndidə yaşadığı evdə aşkarlanmış “Cəsurlar dəstəsi” Ermənistanın Müdafiə Nazirliyi tərəfindən formalaşdırılıb. Deyib ki, bu, dəstə deyil, bölükdür, Müdafiə Nazirliyi tərəfindən yaradılıb. Dövlət qurumları tərəfindən formalaşdırılıb və müdafiə strukturuna göndərilib.

D.Manukyan xarici vətəndaşların döyüşlərə cəlb olunmalarının hansı əsasla aparılması barədə suala isə belə cavab verib: “Mən onların kimliyini yoxlamırdım. Bu, mənim vəzifə borcum deyil. Mən onlara nəzarət etmək, onların hansı ölkədən gəldiyini müəyyənləşdirmək səlahiyyətində deyildim”.

O, əsir və girovların qul kimi işlədilməsi, onlara işgəncə verilməsi hallarının şahidi olmadığını deyib. Bildirib ki, bu məsələ hər kəsin vicdanı üzərindədir – kim onlarla necə rəftar edibsə, o, öz vicdanına görə cavabdehdir. “Mən belə deyim: bu günə qədər mənə qarşı heç bir fiziki zorakılıq olmayıb”, – deyə o əlavə edib.

D.Manukyan işğal dövründə Azərbaycanın ekologiyasına ziyan vurulması, yanğınlar törədilməsi barədə suala isə “Tutduğum vəzifənin o məsələlərlə əlaqəsi olmayıb” cavabını verib.

O, 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Ermənistanda, 2020-ci ilin iyulundakı Tovuz döyüşləri vaxtı isə Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində olduğunu bildirib.

2019-cu il dekabrın 26-da imzalanmış əmrlə qondarma qurumun “ordu komandanının birinci müavini” təyin edilmiş D.Manukyan həmin təyinatla bağlı xidmətə 2020-ci il fevralın əvvəlində başladığını bildirib. O, bu təyinatla bağlı namizədliyinin Ermənistan prezidenti, yaxud silahlı qüvvələrin baş qərargah rəisi tərəfindən irəli sürülməsindən xəbəri olmadığını söyləyib.

Təqsirləndirilən şəxs təyinatı ilə bağlı 2020-ci ilin yanvarında Ermənistan baş nazirinin, general-mayor rütbəsi alması ilə bağlı isə Ermənistan prezidentinin qəbulunda olduğunu söyləyib. Əlavə edib ki, həmin vaxt Ermənistanın müdafiə naziri David Tonayan idi.

D.Manukyan 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı qondarma “ordu komandanının birinci müavini” “vəzifə”sində olduğunu deyib və əlavə edib: “Müharibə ilə bağlı mənim vəzifə borcum qısa və konkret şəkildə yazılmışdı. Ehtiyat komanda məntəqəsi yaradılır. Əgər əsas komanda məntəqəsi sıradan çıxarsa, bu zaman müəyyən müddət ərzində rabitə sistemi və komanda qərarlarının icrası məsuliyyəti həmin ehtiyat məntəqəsinin üzərinə düşür”.

Təqsirləndirilən şəxs 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən təxribatların törədilməsi barədə isə eşitmədiyini iddia edib.

Bu zaman məhkəmədə Ermənistanın həmin vaxt müdafiə naziri olmuş David Tonayanın fikirlərinin yer aldığı videomaterial erməni dilində tərcüməçinin iştirakı ilə tədqiq edilib. 2019-cu ilə aid videomaterialda D.Tonayan bildirir: “Mən bir müdafiə naziri kimi o tezisə qarşıyam ki, sülh müqaviləsi ilə əraziləri vermək olar. Bu tezisə qəti şəkildə qarşıyam. Mən burada bu gün yalnız bir tezis irəli sürürəm: yeni müharibə, yeni ərazilər”.

Videomaterialda diqqətə çatdırılır ki, görüntülər ABŞ-ın Nyu-York şəhərində çəkilib. Qeyd edilir ki, David Tonoyan açıq şəkildə bəyanat verib. O bildirir ki, güzəşt yoxdur, amma kompromis mümkündür. Bundan sonra David Tonoyan hücum tipli hərbi birləşmələr haqqında da məlumat verib: “Biz müdafiə mövqeyindən çıxmalıyıq, çıxacağıq. Səngərlərdən çıxacaq və bu hücum birləşmələri sayəsində hərbi əməliyyatları rəqibin (Azərbaycanın işğal olunmamış ərazilərini nəzərdə tutur – red.) ərazisində keçirəcəyik”.

Nyu-Yorkda BMT-də mülki geyimdə, axşam isə Ermənistan icması nümayəndələri ilə görüşdə hərbi formada çıxış edən David Tonoyan Ermənistan ordusunda həyata keçirilən və keçiriləcək işlər barədə danışıb, bu işdə diasporun rolundan bəhs edib və deyib: “Mən özüm və Ermənistan silahlı qüvvələri – biz ianə məsələlərindən çox da məmnun deyilik”.

Məhkəmədə qondarma rejimin “ordusunun qərargah rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənəd də tədqiq edilib. 2020-ci il sentyabrın 25-də imzalanmış 0671 saylı sənəd “Rəqibin yaşayış məntəqələrinin atəşlə məhv edilməsinin qəbul olunması haqqında” əmr adlanır. Sənədə əsasən, birləşmələrin və hərbi hissələrin komandirlərinə 2020-ci il sentyabrın 28-dək ona əlavə olunmuş siyahıda göstərilən yaşayış məntəqələrinin atəşlə məhv edilməyə qəbul olunmasının təmin edilməsi barədə əmr verilib. Əmr edilir ki, atəş üçün mövqelər hesablansın və döyüş tətbiqinə dair sənədlər tam şəkildə tərtib olunub doldurulsun. Sənədlə əmr olunur ki, artilleriya hərbi hissələrində 40 kilometr məsafədə vura bilən raketlərlə atəş açmaq üçün konkret M-21 stansiyası ayrılsın. Bu stansiya üçün nəzərdə tutulmuş 80 raketdən 40-ı daimi döyüş vəziyyətində maşınlarda saxlanılsın. Qalan 40 raket isə döyüş mövqeyinə çıxmazdan əvvəl yüklənsin.

Əmrin icrasına nəzarət “ordunun artilleriya üzrə komandirinin müavini”nə tapşırılıb.

Əmrə “atəşlə məhv edilməyə məruz qalacaq yaşayış məntəqələrinin siyahısı” da əlavə olunub. Siyahıda Azərbaycanın 70-dək yaşayış məntəqəsinin, o cümlədən Gəncə, Mingəçevir, Naftalan şəhərlərinin, Beyləqan, Ağcabədi, Yevlax, Bərdə rayonlarının və kəndlərinin adları yer alıb.

D.Manukyan həmin əmrlə ilk dəfə ibtidai istintaq zamanı tanış olduğunu, İkinci Qarabağ müharibəsində bir sıra təşkilatçılıq məsələləri istisna olmaqla, döyüş əməliyyatlarının planlaşdırılmasında iştirak etmədiyini iddia edib. Əlavə edib ki, 44 günlük müharibə zamanı Ağdərənin şimal ərazisində, Hadrutun bir sıra yaşayış məntəqələrində və digər ərazilərində olub.

Təqsirləndirilən şəxs səfərbərlik məsələləri ilə bağlı təşkilati işlərlə məşğul olduğunu bildirib. Deyib ki, səfərbərliklə döyüşə qoşulanların qeydiyyatı kənd məktəbində aparılıb və orada onlara silah paylanılıb.

O, qondarma qurumun “ordusu” üçün hərbi təyinatların Ermənistandan gəldiyini etiraf edib və söyləyib: “Ehtiyat qurtaranda təminat qeyd etdiyim kimi, bu cür həll olunurdu. Bu, bütün təminat növlərinə, həm texnikaya, həm də canlı qüvvəyə aid idi”.

D.Manukyan Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərində mülki infrastrukturun, yaşayış məntəqələrinin “İsgəndər M”, “Toçka U” və digər raketlərlə vurulması barədə əmrin kim tərəfindən verilməsi ilə bağlı məlumatsız olduğunu deyib. Əlavə edib ki, qondarma rejimin “ordusu”nun ştat strukturunda belə silahlar olmayıb.

Məhkəmə prosesi iyunun 20-də davam etdiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600