Kremlin “böyük qələbə” İFLASI: "Putinin sərxoş ordusu Ukraynanı keçə bilmir, Stalin isə Berlində idi"
“Solovyov özbaşına heç nə deyə bilməz. Onun dünən dediklərini analiz etsək, görərik ki, Kreml öz arzu və düşüncələrini məhz onun vasitəsilə səsləndirir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında uzun illər Rusiyada yaşamış azərbaycanlı politoloq Fuad Abbasov bildirib.

Politoloq qeyd edib ki, Solovyovun Ermənistanı hədəf almasının arxasında həm şəxsi, həm də siyasi maraqlar dayanır:
“Hər kəs çox yaxşı bilir ki, Solovyov özbaşına deyil. Onun Ermənistanla bağlı çıxışlarının bir səbəbi Samvel Karapetyanla yaxın ailəvi dost olmasıdır. Karapetyan Kremlin Ermənistanda dövlət çevrilişi üçün göndərdiyi, lakin həbs edilən iş adamıdır. Solovyovu ilk növbədə dostunun sərbəst buraxılması maraqlandırır. Lakin məsələ bununla bitmir; Kreml istər Orta Asiya, istərsə də digər ölkələrlə bağlı planlarını Solovyovun dili ilə dövriyyəyə buraxır”.
Rusiyanın Ukraynadakı hərbi uğursuzluqlarına toxunan F.Abbasov, Moskvanın apardığı müharibəni kəskin tənqid edib:
“2022-ci ilin fevralında Kiyevin 3 saata, yaxud 3 günə alınacağı deyilirdi. Artıq 4 ildir müharibə davam edir, milyonlarla itki, milyardlarla vəsait xərclənib, amma ortada nəticə yoxdur. Rusiya bu müharibəni ‘Böyük Vətən Müharibəsi’nin alternativi kimi göstərməyə çalışır. Amma o müharibənin 4-cü ilində Stalin Berlinə çatmışdı. Putinin sərxoşlardan, əlillərdən və miqrantlardan ibarət ordusu isə Ukraynanın bir neçə şəhərindən o tərəfə addım ata bilməyib”.
Politoloqun fikrincə, Rusiyanın yeni cəbhələr açmaq imkanı yox dərəcəsindədir:
“Solovyovun tezisləri ilə yola çıxsaq, Rusiya hər bir Orta Asiya ölkəsi və Ermənistan üçün daha 4 il döyüşməli, milyonlarla itki verməlidir. Amma mən inanmıram ki, Qərb və ABŞ Rusiyanın bu hərəkətlərinə cavabsız qalsın. Əgər Rusiya Ermənistana müdaxilə edərsə, Qərb ora Ukraynadan daha az yardım göstərməyəcək. Rusiyanın ikinci, üçüncü cəbhə açmağa hansı imkanı var? Heç kim bilmir. Solovyovun səsləndirdiyi bu əsassız iddialar daxili auditoriyanı qıcıqlandırmağa hesablanıb və bunun sonu Rusiya üçün yaxşı olmayacaq”.
Nurlan Cəfəri












