Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində törətdiyi hərbi-siyasi təxribatın ən azı görünən, üzdə olan nəticələrini mütləq təhlil etməliyik. Ona görə ki, Ermənistan ötən illər ərzində təxribatlarını zaman-zaman təkrarlayıb. Düşünürəm ki, bu təxribat da sonuncu deyil.
Düşmənin axırıncı təxribatı göstərdi ki:
1. Onun ümidləri əbəsdir. Azərbaycan xalqının tarixi yaddaşı, qan yaddaşı korşalmayıb. Qarabağın işğal tarixi ilə həmyaşıd olan və bir dəfə də olsun, bu torpaqlarımızı görməyən Azərbaycan gəncliyi belə Qarabağı işğaldan azad etmək mövqeyində israrlıdır, hər an döyüşə hazırdır. Bu məsələdə güzəşti və status-kvonu xalqımız qəbul etmir.
2. Torpaqlarımızın işğaldan azad edilməsi siyasətində Azərbaycan hakimiyyətinin mövqeyi qətidir, dəyişməz olaraq qalır, xalqın iradəsini ifadə edir. Bu məsələdə vətəndaş öz hakimiyyətinin arxasındadır, həmrəylik danılmazdır.
3. Tarixi yaddaşımızın itməməsi yalnız genetik kodlarla bağlı deyil. Ötən illər ərzində hakimiyyətin yürütdüyü siyasət gənclərimizdə vətənpərvərlik ruhunun formalaşıb aktiv qalmasına və yüksəlməsinə xidmət edib.
4. Ordumuz düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir, döyüş ruhu və hərbi-texniki təçhizatı yüksəkdir, torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Azərbaycan xalqı öz Ordusunun yanındadır.
5. Uzun illər ərzində zəif yerlərimizdən biri xarici ölkələrdə diasporumuzun fəaliyyəti ilə bağlı olub. Son günlər göstərdi ki, siyasi hakimiyyət bu sahədə əhəmiyyətli irəliləyişə nail ola bilib.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların böyük əksəriyyəti təşkilatlanıb, diaspor halına gətirilib və onlar ümummilli məsələdə xalqımızla, dövlətimizlə, iqtidarın yürütdüyü siyasətlə həmrəydir. Postsovet məkanında, xüsusən Rusiya ərazisində əlavə diqqət yetirilməli olan və gözlə görünən məqamlar da üzdədir.
6. Azərbaycan xalqının və dövlətinin haqlı mövqeyinə aktiv beynəlxalq dəstəyin ifadə olunmasında diqqətçəkən müsbət tendensiyalar mövcuddur. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk PA, GUAM kimi nüfuzlu beynəlxalq təşkilatların ədalətli dəstək mövqeyi danılmazdır. Qardaş Türkiyə və Pakistanın əvvəlki illərdən də irəli gedən sərt bəyanatları və açıq mövqeyi ortadadır. Qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplərə söykənən ikitərəfli dövlətlərarası münasibətlər KTMT-nin, əsasən, bizi qane edən mövqeyinə təsir etdi. ABŞ Konqresində erməni lobbisinin son cəhdlərinin iflasa uğraması, Azərbaycanın maraqlarına cavab verən düzəlişlərin qəbul olunması xüsusi diqqət cəkdi.
7. Cənubi Qafqazda regional və geosiyasi maraqları olan dövlətlərin mövqeyi dəyişməz olaraq qalır. Regionumuz, Ermənistan-Azərbaycan münaqişəsi həmişə olduğu kimi, maraqlı dövlətlərin diqqət mərkəzindədir. Ermənistanın siyasi hakimiyyətinə Rusiya rəsmilərinin münasibəti birmənalı olmasa da, Ermənistan dövlətinə yanaşmasında strateji mövqeyi dəyişməz olaraq qalır. Prezident cənab İlham Əliyevin hücum diplomatiyası ilə bağlı fikirləri həm də ona işarə idi ki, bu istiqamətdə daha çevik fəaliyyətə ehtiyac var.
8. Hər bir hərbi təxribat, hərbi münaqişə canlı itki, şəhid, yaralı, qan, iqtisadi imkanların ciddi sınağa çəkilməsi deməkdir. Heç şübhəsiz ki, bu, həm də qarşı tərəfdəki iqtidarın ölkəiçi ictimai-siyasi dayaqlarının sınağıdır. Düşmən və havadarı görə bildi ki, Azərbaycan hakimiyyətinin bu dayaqları yetərincə möhkəmdir. 90-cı illərin xaos, təşviş, hakimiyyətdən narazılıq əhval-ruhiyyəsi keçmişdə qalıb. Təxribatın qısa müddət sürməsinin səbəblərindən biri beynəlxalq reaksiya ilə yanaşı, həm də budur.
9. Erməni diasporunda əvvəlki yekdillik pozulub. Bu, özünü, xüsusən, Rusiya ermənilərinin rəsmi İrəvana münasibətində büruzə verir. Bu, erməni mənşəli ayrı-ayrı fərdlərin mövqeyi anlamına gəlməməlidir, kökləri daha dərindir, bu məsələ daim diqqət mərkəzində saxlanılmalıdır.
10. İnformasiya təbliğatı və əks-təbliğat sahəsində erməni təssübkeşlərinin xüsusi fəal olduğu yer postsovet məkanı, əsasən Rusiyanın ənənəvi media sektorudur. Bu səbəbdən ictimai fikirə birtərəfli, ermənipərəst mövqe aşılanmaqda davam edir.
11. Ermənistan-Azərbaycan münaqişəsi bitənədək, Qarabağ öz tarixi və beynəlxalq hüququn tanıdığı qanuni coğrafi məkanına – Azərbaycana de-fakto qayıdanadək erməni təxribatı səngiməyəcək. İnternet məkanının erməni seqmentində son günlər xüsusi diqqət ayrılan etnik və dini münasibətlər məsələsidir.
12. ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatı göstərdi ki, xalqımızın və siyasi hakimiyyətin əsaslı iradları, status-kvonun uzanmasına haqlı etirazımız onları narahat edir. Sülh danışıqları yenidən nəticəsizliyə köklənəcəksə, Ermənistan BMT TŞ-nın məlum dörd qətnaməsinin icrasına sövq edilməyəcəksə, cəmiyyət bu danışıqlara, siyasi iradə və təşəbbüslərə yenə də güvənməyəcək.
Bütün bunlar tam olmasa da, təxribatdan sonra üzdə olan nəticələrin əsas hissəsidir.
Görünməyən tərəfləri isə dövlətimizə, aidiyyəti qurumlarımıza məlumdur. Hər birimizdən asılı olan odur ki, Dövlətimizə və Ordumuza göstərdiyimiz ümumxalq dəstəyinə, həmrəyliyimizə xələl gətirilməsinə, kölgə salınmasına imkan verməyək. İnformasiya savaşı davam edir. Hər birimiz bu savaşda ağıllı və fəal şəkildə yalnız vətənpərvərlik mövqeyindən çıxış etməliyik, düşmənin əlinə fürsət verib onu sevindirməməliyik.
Ülvi Quliyev,
Milli Məclisin deputatı
www.yenicag.az