“Əks halda, bu siyasət Ermənistan üçün onların təsəvvür etmədiyi qədər ağır nəticələrə gətirə bilər”.
Bu fikirləri Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin ötən gün Moskvada keçirilmiş görüşünün nəticəsiz bitməsinə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanın bundan sonra bütün istiqamətlər üzrə danışıqlar prosesini uzatmaq imkanları tükənib:
“Əvvəla, bunu nəzərə almalıyıq ki, Ermənistan müstəqil siyasət yürütmək imkanına malik deyil. Onun siyasətinə ənənəvi müttəfiqi olan Rusiya, müsəlman həmrəyliyini bayraq etsə də, bunun əksinə davranan İran və xaricdəki erməni diasporu ciddi təsir göstərir.
Reallıq bundan ibarətdir ki, Zəngəzur dəhlizi açılmalıdır. Bu işin reallaşdırılması Azərbaycanın Naxçıvanla, o cümlədən qardaş Türkiyə ilə quru yolu ilə əlaqəsinin saxlanılmasını təmin edəcək. Eyni zamanda, dəhlizin açılması region dövlətlərinin əməkdaşlığı baxımından da onların maraqlarına uyğundur.
Bəli, Ermənistan istər bu məsələdə, istərsə də ümumilikdə nizamlama prosesi üzrə danışıqların uzadılmasına cəhd göstərir. Lakin Ermənistanın Zəngəzur dəhlizinin açılmasına bundan sonra da müqavimət göstərmək imkanı yoxdur. Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatla üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir. Əks halda, bu siyasət Ermənistan üçün onların təsəvvür etmədiyi qədər ağır nəticələrə gətirə bilər”.
A.Zeynalov
www.yenicag.az