Dünən erməni hərbçilərinin Azərbaycan əsgərini döyməsini, təhqir etməsini, başına “kaska” vurulmasını əsəb streslə izlədik.
Bu məsələyə toxunmadan öncə bir qədər geriyə dönüb baxmaq istəyirəm. Ermənistan ordusunun əsgəri cəbhədə öldürülürdü, intihar edirdi və ya qəzadan ölürdü. Dərhal bir qrup “gəbərdi”, “cəhənnəmlik oldu” deyə, sevinirdi. Aradan qısa zaman keçən kimi Azərbaycan əsgəri şəhid olurdu. Həmin qrup ah-nalə, kədər dolu cümlələr qururdu. Buna da erməni tərəfi sevinirdi.
Müharibə bitib, indi də istər o tərəfdən, istər bu tərəfdən erməni əsgərlərinin döyülməsinə gülür, eyni hal Azərbaycan əsgərinin başına gəldikdə də isə, Azərbaycan əsgəri əmrə tabe olub, səbr nümayiş etdirib, köhnə videodur, hətta iddia edənlər var ki, bu qəsdlə planlanıb. Plan həyata keçib və Azərbaycan tərəfi ermənilərə daha ağır cəza verib. Təbii ki, ermənilər də buna gülür, sevinir…
Gələk videolara. Videolardan açıq şəkildə görünür ki, Azərbaycan əsgərləri müdafiə təmin olunmadan, sağ və sol cinahları açıq ərazidə çadır qurublar. Nəinki düşmənlə üzbəüz ərazidə mövqe tutmaq, meşədə, dağda keçirilən təlimlər zamanı belə mühafizə mütləq mənada təşkil olunmalıdır.
Xatirimə 2010-cu ildə keçirilən bir hərbi təlim yadıma düşdü. Təlim çox ağır keçmişdi. Dağların ətəyində çadır qurmuşduq. Hava qaralmağa başlayanda, anladıq ki, ərazidə çoxlu sayda canavar və ayı var. Dərhal quru odunlar yığıldı, çadırın 4 tərəfində ocaq qalandı və hər ocaq başında bir əsgər növbə çəkdi.
Vəhşi heyvanlardan qorunmaq üçün təhlükəsizlik tədbiri görülürsə, niyə düşmənlə üzbəüz mövqedə dayanan hərbçilərin təhlükəsizliyi təmin edilməyib? Özləri edə bilərdimi? Əsgərlərin sayı bəlkə də buna imkan verməzdi. Ancaq gələn hədəfləri aşkarlayıb, çoxlu sayda düşmənin onlara doğru gəldiyini məruzə edib, ehtiyat qüvvələrin əraziyə çatmasını təmin edə bilərdilər. Burada da bir probel ortaya çıxır. Ya rabitə olmayıb məruzə edə bilməyiblər, ya da ki, məruzə ediblər, köməyə gəlməyiblər. Hər iki halda da, əraziyə cavabdeh olan hərbi hissə belə demirəm, korpus məsuliyyət daşıyır və cəzalandırılmalıdır.
Düzgün müdafiə təşkil olunsa, “dur, kimdir gələn?” sualı verib, xəbərdarlıq atəşi açmaqla vaxtı da uzatmaq olardı. Gələnlər vəziyyətin ciddiyyətini də anlayardılar. Ən primitiv müdafiədən belə istifadə edilməyib. Açıq şəkildə görünür ki, döyüş təminati sıfırdır, mövqelər yoxdur, rabitə və qarşılıqlı əlaqədən söhbət belə gedə bilməz.
Ermənistanla sərhəd qurmağa gedən hərbçilər texnika ilə təmin olunmayıb. O əsgərlər əmrə tabedir, göndəriblər, gediblər. Yaxşı, o əsgərləri ora göndərən komandir heyəti düşünməyib ki, problemli əraziyə əsgər göndərir, hər an hər hadisə baş verə bilər? Döymə, təhqir etmə deyil, girov götürmə halı olsaydı nə olacaqdı?
Deyirlər, videolar köhnədir. Videonun vaxtı nəyisə dəyişir? Ortada çox ciddi problem var.
Xatirinizdədirsə, belə bir problem Keşikçidağda da baş vermişdi.
Hər belə bir hadisə baş verəndə əsgərlərimizin səbr və təmkin nümayiş etdirdiyini deyirlər. Səbrin, təmkinin ordu ilə nə əlaqəsi var bunu başa düşə bilmirəm. Ordu nizamnamə və əmrlərlə idarə olunur. Ordu nə dini qurum, nə də hansısa bir təriqət deyil ki, orda səbr və təmkinlə müridlikdən mürşidliyə ucalsınlar. Hərbi xidmətin elə ilk günləri “mülki həyatı unudun, nizamnamə ilə xidmət edəcəksiniz” deyirlər və ardınca da, “nizamnamə qanla yazılıb” əlavəsini ediblər.
Bir iddia ilə qarşılaşdım. Guya orda qəsdlə az əsgər saxlanılıb və ermənilərin bu cür davranışına şərait yaradılıb. Bu alibidən istifadə edərək, erməni tərəfinə daha ağır cəza veriblər. Əgər bu həqiqətən belədirsə, son dərəcə axmaq başın məhsuludur və ən ağır söyüşlərə layiqdir. Qalib ordunun əsgərini düşmən ordunun əsgərinə şapalaqlatmaq planı cılız beyinin (burda təhqir də ola bilərdi) məhsuludur. Dünyanın heç bir ordusunda əsgərini düşmənə təhqir etdirməzlər. Əsgəri manevr, düşmənin gözlədiyi istiqamətə göndərib fikir yayındırmaq üçün ölümə göndərmək olar və dünya tarixində, eləcə də birinci və ikinci Qarabağ müharibəsində bunların analogiyası var. Ancaq əsgərini təhqir etdirmək ən alçaq insanın belə ağlına gəlməzdi. Demək ki, ordumuzda belə tiplər də varmış.
Kimsə çıxıb deyə bilər ki, bizimkilər onları qovmuşdu, şapalaqlamışdı, indi də onlar fürsətdən istifadə ediblər. Qətiyyən razı deyiləm. Bu xoruz döyüşü deyil! Sərhəd namusdur! Sizcə işğalçıya elə-belə təcavüzkar deyilir?
Videoya diqqətlə baxanda çadırın içərisindən cılız, 5-6 sinif şagirdləri boyda bir əsgərin çıxdığını da görürük. Düşmənlə üzbəüz qoymağa əsgər tapmılmırdı?
Hər şey kimi bu məsələni də malalamağa çalışacaqlar. Erməni əsgərinin Azərbaycan əsgərinin başına vurdğu “kaska” təkcə o əsgərin yox, həmin əsgərin xidmət etdiyi korpusun komandirinin, olmayan Baş Qərərgah rəsinin və Müdafiə nazirinin başına dəymiş hesab olunmalıdır.
Səxavət Məmməd
www.yenicag.az