“Bakı metropoliteninin işindəki məcburi fasilə paytaxtın bütün nəqliyyat sistemi üçün çox ciddi sınaqdır”.
Yenicag.az xəbər verir ki, bunu hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
Ekspert rəsmi səhifəsində qeyd edib: “Bakı Nəqliyyat Agentliyi artıq dünən axşamdan bütün avtobus parkının səfərbər edilməsi, metropolitenin də payına düşən sərnişinlərin avtobuslarla daşınması üçün əlindən gələni edir. Bu işdə çox ciddi məsuliyyət daşıyıcıların üzərinə düşür.
Hörmətli nəqliyyatçılar, BNA-nın və digər dövlət qurumlarının yaranmış vəziyyətlə bağlı tövsiyə, tapşırıq və göstərişlərinə ciddi riayət edin. Unutmayın ki, bu göstərişlər qanundan irəli gəlir. “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, təbii və ya texnogen xarakterli fövqəladə hadisələr baş verdikdə avtomobil daşıyıcıları onların nəticələrinin aradan qaldırılmasını idarə edən dövlət orqanlarının qanuni tələblərini yerinə yetirməyə borcludurlar. Nəzərə alın ki, bu sizin üçün də bir sınaqdır və cəmiyyətin yüksək etimadını qazanmağınız üçün bir şansdır. Aydın məsələdir ki, əhəmiyyətli maddi zərəriniz də olacaq, ancaq elliklə yaşadığımız bu problemin həlli üçün verəcəyiniz dəstəyin əvəzində cəmiyyətin minnətdarlığı hər hansı maddi mənfəətlə müqayisə edilə bilməz.
Artlq dünən axşamdan etdikləriniz hər kəsə məlumdur. Bu işi bu gün də yorulmadan davam etməyiniz vacibdir. Sizə uğurlar!”
www.yenicag.az