"Əslində bədənə enerji vermir, daxildən məhv edir" – Sağlam qida eksperti həyəcan təbili çalır
“Enerji içkiləri yorğunluq, əsəb gətirir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib.

Mütəxəssis son zamanlar xüsusilə gənclərin müxtəlif növ enerji içkilərinə olan asılılığının zərərləri haqqında vacib məlumatlar paylaşıb:
“Ölkəmizdə gənclər və yeniyetmələr arasında enerji içkilərinin istehlakı kəskin şəkildə artmağa davam edir. İlk baxışda sadə bir içki kimi görünsə də, mütəmadi istifadə edildikdə orqanizmdə siqaret, digər psixoaktiv maddələrə bənzər güclü bir asılılıq formalaşdırır. Çox vaxt bu asılılığın fərqinə varmadan, gündəlik olaraq yüksək dozada kimyəvi stimullaşdırıcılar qəbul edilir. Enerji içkilərinin bədənə verdiyi enerji, əslində xaricdən daxil olan təmiz hüceyrə enerjisi deyil. Bu içkilər bədənin öz daxili ehtiyatlarını aqressiv şəkildə istifadə edir. İstehsalçılar dad və effektivliyi artırmaq üçün yüksək dozada kofein, həddindən artıq rafinə edilmiş şəkər və sintetik amin turşularından istifadə edir. Bir qutu enerji içkisinin tərkibində 80 mq-dan 300 mq-a qədər kofein ola bilər. Təbii qəhvədən fərqli olaraq, buradakı kofein sintetikdir və bədən tərəfindən çox sürətlə sorulur. Kofein beyində yorğunluq siqnalını ötürən adenozin reseptorlarını bloklayır. Nəticədə beyin yorulduğunu anlaya bilmir və daimi gərginlik rejimində işləyir. Bu içkilərdə ümumi qəbul normasından qat-qat çox şəkər olur. Bu qanda qlükozanın və beyində həzz hormonu olan dopaminin anidən yüksəlməsinə səbəb olur. Amma 1-2 saat sonra qan şəkəri kəskin şəkildə aşağı düşür. Özümüzü daha yorğun, əsəbi hiss edirik. Kofein, taurin, quarana və qlükuronolaktonun birgə kombinasiyası ürək-damar sisteminə mənfi təsir göstərir. Bu maddələr ürək döyüntülərini artırır və qan təzyiqini qəfil yüksəldir. Zaman keçdikcə bədən mövcud kofein və şəkər miqdarına qarşı dözümlülük nümayiş etdirir. Əgər başlanğıcda bir qutu içki bədəni gümrahlaşdırırdısa, bir neçə aydan sonra eyni effekti almaq üçün iki və ya üç qutu tələb olunur.”
Nurlan Cəfəri













