Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vergilər naziri Fazil Məmmədov tutduğu vəzifəsindən azad edilib.
Prezidentin imzaladığı digər bir sərəncamla bu vəzifəyə təhsil naziri Mikayıl Cabbarov gətirilib.
Maraqlıdır, Fazil Məmmədovun vergilər naziri kimi 17 il 10 aylıq fəaliyyəti nə ilə yadda qaldı?
Yenicag.az bu sualla bağlı bir neçə ictimai şəxsə müraciət edib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov:
“O, nazir postuna gətirilənə qədər hər şey kağız üzərində, gedib-gəlmələr, uzun növbələr və həftələrlə qapı önündə qalmaqla baş verirdi. Lakin Fazil Məmmədov rəhbərliyindən 5-6 il sonra hesabatları elektron qaydada ünvanlaşdıraraq, dünya səviyyəsinə çatdırdı. Bundan əlavə şikayətlərin qəbul olunması və baxılması ilə bağlı çağrı sistemi yaradıldı. Müsbət baxımından bunları qeyd edə bilərəm. Ölkəyə elektron variantı ilk olaraq Vergilər Nazirliyi gətirdi. İndi rahat bir şəkildə istənilən əməliyyatı internet üzərindən aparmaq olar.
Təbii ki, bunlarla yanaşı mənfi cəhətlər də vardı. Buna misal olaraq, vergi orqanlarının sahibkarlığın inkişafına maneə törətməsini demək olar. Aydın məsələdir ki, bunun da obyektiv və subyektiv səbəbləri var”.
Sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli:
Bunlarla yanaşı nazirlik mənfi çalarlarla da yadda qaldı. Həmin sıraya strukturda baş verən dəyişiklikləri, son zamanlar ictimai-siyasi fəaliyyətlə məşğul olan qurumlara və yaxud şəxslərə qarşı vergi cinayəti ilə bağlı açılmış suni işləri, sahibkarlığa göstərilən təzyiqləri nümunə göstərmək olar. Bu isə normal hal deyil. Çünki istənilən bir sahibkar, fiziki və hüquqi şəxs qanun qarşısında eyni hüquqla vəzifə daşımalı və seçilməməlidir. Bu baxımdan nazirliyin vergi inzibatçılığının artırılması, tikinti sektorunda vergi tətbiqi metodlarının dəyişdirilməsi ilə bağlı bir sıra təşəbbüsləri oldu. Ümumilikdə isə Vergilər Nazirliyinin müasir dövrdə müxtəlif islahatlar aparmasına daha çox ehtiyac var. Çox təəssüf ki, bu islahatlar yerinə yetirilmədi”.
İqtisadçı ekspert Natiq Cəfərli:
“Əslində, Vergilər Nazirliyi iş adamları ilə sıx əlaqədə olan, onların problemlərini hökumətə çatdıran və müəyyən korrektələr edə bilən bir nazirlik statusu almalıdır. Amma təəssüflər olsun ki, Azərbaycanda bu nazirlik uzun illərdir iş adamlarının və biznesin qorxulu röyasına çevrilib. Neqativ tərəfdən baxdıqda isə 17 illik nazir postunda bu imicin dəyişmədiyini görərik. İş adamları vergilərdən qorxmaq əvəzinə dosta çevrilməli idi. Praktik tərəfdən isə elektron formada vergi bəyannamələrinin qəbul olunması, onun rəsmi saytının fəallığı müsbət qiymətləndirilir. Çünki nazirliyin saytı operativlik baxımından ən yaxşı işləyən saytlar sırasındadır. Ümumilikdə isə nazirliyin işləmə mexanizmində heç bir dəyişikliik olmadığını görürük”.
Millət vəkili Araz Əlizadə:
“Vergilər Nazirliyi ilə heç bir zaman təmasda olmamışam. Nazirliyin əsas fəaliyyəti vergilərin zamanında yığılıb, büdcəyə təhvil verilməsidir. Fazil Məmmədovun da zamanında vergi yığılma planı tam olaraq yerinə yetirilirdi. Məsələn, bu ilin büdcəsi 101 faiz yerinə yetirilib. Bununla o da büdcənin yığılmasına öz köməkliyini göstərirdi. Bəli, bunlarla yanaşı kifayət qədər şikayətlər olurdu. Lakin Azərbaycanda elə bir nazirlik varmı ki, ora şikayət daxil olmasın? Ümumilikdə götürsək, nazirliyin fəaliyyətini müsbət qiymətləndirirəm”.
Elvin Paşazadə
www.yenicag.az