FED-nin faiz qərarının Azərbaycana TƏSİRİ: “Ölkədəki inflyasiya səviyyəsi arta bilər” – İQTİSADÇI

ABŞ Mərkəzi Bankının sədri Cerom Pauellin ötən 40 ilin maksimumuna çatan inflyasiya göstəricisi ilə mübarizə məqsədilə 1990-cı ildən bəri müşahidə olunan ən sərt faiz artımına hazırlaşdığı bildirilib. Ötən gün isə ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 – 1%-ə çatdırıb.

Mövzu ilə bağlı “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc öz fikirlərini Yenicag.az-la bölüşüb.

İqtisadçıya görə, FED-nin faiz dərəcəsini artırması manatın dayanıqlılığına mənfi təsir göstərə bilər:

“Əslində, inflyasiya bəlası XXI əsrin çox ciddi problemidir. Bu gün ABŞ-nin daxili bazarında inflyasiyanın həddi-hüdudu yoxdur. ABŞ son onilliklərin ən böyük inflyasiya şokunu yaşamaqdadır. Belə bir vəziyyət çox ciddi tədbirlərin görülməsini tələb edir. Ötən illə müqayisədə istehlak bazarında məhsulların qiyməti 50 və ya 100 faiz artıb. Bu, son illərdə ABŞ təcrübəsində rast gəlinməyən bir nümunədir. Ona görə də ABŞ iqtisadiyyatının tənzimlənməsinə ehtiyac var. Bu baxımdan, FED-nin uçot dərəcəsini artırması müəyyən mənada effektiv olacaq. Bu artımın Azərbaycan manatına təsirinə gəlincə, milli valyutanın məzənnəsi və dayanıqlılığı yerli istehsalla bağlıdır. O cümlədən iqtisadi münasibətlərin inkişafı əsas rol oynayır. Neft məhsullarının dünya bazarındakı qiyməti də milli valyutanın məzənnəsinə təsirsiz ötüşmür. Ölkədə real iqtisadi və biznes mühitinin yaradılması manatın dollara nisbətən hazırkı kursunun stabil saxlanmasına yol aça bilər.

Bütün hallarda ABŞ-nin daxili bazarında dollar bahalaşırsa, bu, dolların güclənməsinə səbəb olacaq. Ona görə də digər ölkələrdə, o cümlədən Azərbaycanda dolların dayanıqlılığının artması ehtimalı yüksəkdir. Bu isə manatın dayanıqlılığının silkələnməsi ilə nəticələnəcək. Bütün hallarda FED-nin faiz dərəcəsini artırması ölkədəki inflyasiya səviyyəsini artıra bilər. Yəqin ki, Azərbaycan Mərkəzi Bankı humanitar siyasətinin təşkilində və Nazirlər Kabineti iqtisadiyyatın idarə olunması ilə bağlı bir sıra qabaqlayıcı addımlar atacaq. Bu, inflyasiya həddinin minimuma endirilməsinə xidmət edəcək. Çünki inflyasiyanın yüksək olması manatın alıcılıq qabiliyyətinə mənfi təsir göstərir”.

Qeyd edək ki, FED-nin əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-nin uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub. Bu ilin mart ayında FED 4 il sonra ilk dəfə faiz dərəcəsini artırıb.

Gülşən Şərif

COP29