Sənətçilər Qələbə Günü ilə bağlı PAYLAŞIM ETDİ: “Dünya bilir ki, SSRİ bu qələbəni...”
Bu gün 9 May – Qələbə Günü – faşizm üzərində Qələbənin 80 illiyidir.
Yenicag.az xəbər verir ki, sənət adamları da bununla bağlı sosial şəbəkə hesabında paylaşım ediblər.
Tanınmış aktyor, Xalq artisti Yasin Qarayev qələbə günündə təəssüratını belə ifadə edib:
“Bütün dünya bilir ki, SSRİ faşizm üzərində qələbəni Bakı neftinin hesabına əldə edib. Di gəl ki, Moskvanın Bakıya “Qəhrəman şəhər” adı verməyə canı çıxır”.
Aktyor Azər Aydəmir qələbə günü ilə bağlı foto paylaşıb. O, fotonu “Keçmiş SSRİ vətəndaşları arasında İkinci Dünya müharibəsində 30 milyona yaxın insan ölüb. Əgər hər biri üçün 1 dəqiqəlik sükut elan olunsa, dünya 50 il səssiz qalar” şərhi ilə təqdim edib.
Aktyor Əməkdar artist Nofəl Vəliyev isə paylaşımında yazıb:
“Sonradan nə olmasından asılı olmayaraq bu gün böyük bayramdır. Bu gün insanlığın ən dəhşətli müharibəsi bitib. Bu gün dünya faşizmdən xilas olub, bayramınız mübarək”.
Cəvahir