“Fələstin ərəblərinin işi qalıb Allaha” – Trampın ilginc ARZUSU
“Fələstin ərəblərini demokrat, insan hüquq və azadlıqlarına hörmət edən fərdlərdən başqa dəstəkçisi yoxdur”.
Bu sözləri İsrailin ölkə daxilində etirazlara baxmayaraq, Qəzzada keçirdiyi hərbi əməliyyatlar və gözlənən nəticəni Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
O, bildirib ki, İsrailin əməliyyatlarına ABŞ hamilik edir:
“İsrail bu əməliyyatı tək həyata keçirmir. Bu əməliyyatın əsas hamisi dünyanın demokratik dövlətlərinin bayraqdarı, insan haqlarının öncüsü ABŞ prezidenti Donald Trampın razılığı və göstərişi ilə həyata keçirilir. Əsas məqsəd Qəzzadakı bütün Fələstin ərəblərini köçürmək, Qəzzanı nəzarətə götürmək, orada kurort şəhəri tikmək və Qəzzanı Yaxın Şərqin “Riviera”sı etməkdir. Tramp söz verib ki, oranı təmizləyəcək və oraya yəhudiləri köçürəcək. Ərəb dünyası genişdir, hansısa ərəb ölkəsi onlar üçün yer tapar. Fələstinlilərin hamisi, müdafiəçisi yoxdur. Ərəb rəhbərləri ABŞ-ni ağa kimi görür, onlar ABŞ-yə qarşı çıxmır, çıxa da bilməz”.
“Fələstin ərəblərini demokrat, insan hüquq və azadlıqlarına hörmət edən fərdlərdən başqa dəstəkçisi yoxdur. Avropa ölkələrinin başçıları Fələstin ərəblərinin soyqırımına susurlar. Yalnız ictimaiyyət arasında buna etiraz edənlər var. Tramp onlara qarşı da kəskin mübarizə aparır. ABŞ universitetlərində fələstinlilərin qətlinə etiraz edən professorları, dekanları, rektorları işdən çıxardılar, universitetlərə federal yardımı kəsdilər. Tramp ABŞ-də demokratiyanın qənimidir. Fələstin ərəblərinin işi qalıb Allaha. Dünyadan insaf diləmək mənasızdır”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd