!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fərqli və böyük insan - Naim Süleymanoğlu

!Reklam – Yazi

Uzaqdan gəlişlərini görmək insanın özünə güvənini təzələməsi üçün kifayət edirdi: biri Tarık abi idi (Akan), o biri Naim Süleymanoğlu. Yumurtaya can verən Rəbbim biz azərbaycanlılara vermədiyi təvazökarlığın hamısını Naimə vermişdi. Onunla Dünya Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti ikən tanış olmuşdum. Siyasəti çox sevirdi – 2004-cü ildə həmyerliləri olan Balkan mühacirlərinin çoxluqda yaşadığı İstanbulun Kıraç bölgəsindən bələdiyyə başqanlığına namizəd olmuş, seçilə bilməmişdi. Devlet Bahçelinin MHP-si indiyə qədər İstanbulun 39 rayonunun hansının bələdiyyəsində qalib gələ bilmişdi ki, Naim Süleymanoğlu da Kıraçda seçilsin? Bələdiyyə başqanı olmasa da Naim Süleymanoğlu həmyerlilərinin xeyir-şərindən qalmazdı. Hər dəfə maşından enib, bizə tərəf gəldiyini görəndə Hamid deyirdi ki, başqan yenə qızıl bilərzik alacaq, ya nişan, ya da toy var.

Hamidin və mənim “Başqan”ımız bizi heç vaxt yanıltmırdı: çox vaxt bir neçə bilərzik alır, ayaqüstü söhbət edəndən sonra “Bunları yerlərinə çatdırmalıyam”- deyib, “Mercedes”inə tərəf gedirdi.Və hər dəfə Hamidlə onu maşın uzaqlaşana qədər gözlərimizlə müşayiət edərdik. 2007-ci ilin iyulundakı seçkidə Bahçelinin MHP-si Naim Süleymanoğlunu İstanbulun 3-cü bölgəsindən 7-ci sırada namizəd göstərdi( ilk sırada Meral Akşener, ikinci sırada Atilla Kaya, üçüncü sırada mandatını görə bilmədən avtomobil qəzasında həlak olan professor Cihat Özönder ağabəyimiz vardı). Naim, 7-ci sıradan seçilməyəcəyini bildiyi halda seçki təbliğatından çəkilməyərək, Devlet Bahçelinin MHP-sinin reytinqinin bir az da olsa,yüksək çıxması üçün can-başla çalışdı.Təbliğat dönəmində müsahibə almış, nəinki Türkiyənin, türk dünyasının problemlərini dərindən bildiyi üçün ona heyran qalmışdım. O seçkidən sonra Naim Süleymanoğlu bir daha siyasətə qoşulmadı.

1986-cı ildə Türkiyənin Melburndakı səfirliyinə sığınan Naim Süleymanoğlu təkcə özündən 3 dəfə ağır “ştanqı” qaldırmamışdı, dünyanın, yer kürəsinin tamamını ayağa qaldırmışdı. Biznes işlərini çox yaxşı bilən baş nazir Özal Bolqarıstan hökumətinə 1 milyon dollar verərək, 1988-ci ildə Naimə Melburn olimpiadasında iştirak hüququ aldı və beləcə, Türkiyəyə olimpiadanın qızıl medallarının yolu açıldı. Bu, həm də Süleymanoğlunu tarixin ən güclü ağır atleti kimi tanıtdı. Naim Melburndan qayıdanda mərhum Aydın Məmmədov da Ankaradaydı.

“Necə qarşılandınız?” sualına bu cavabı aldım:

“Özalın verdikləri-verəcəkləri bir tərəfə, Semra xanıma dedi ki,əlini çantana at, görək, çempiona verməyə sənin nəyin var?”

Aydının yadında bu qalmışdı. O vaxtın rus mətbuatının Naimi “xəyanət”də günahlandırması bizim milli duyğularımızı daha da itiləmişdi. Naimin Türkiyəyə qaçırılmasının türklərin Bolqarıstandan qovulmasına kumulyativ təsir edib-etməməsini bilməsəm də Lili İvanovanın Lenin sarayındakı konsertinin ləğv edilməsində Əbülfəz bəyin sarayın qarşısındakı çıxışının birbaşa təsiri olduğuna şahidəm. Türklərin Bolqarıstandan qovulmalarını, Özalın onlara qucaq açmasını çox yaxından izləmişdik.O hadisələrdən bir neçə il sonra Mehmet Barlasa silsilə müsahibələr verən prezident Özal, baş nazir olduğu vaxtda Türklərin Bolqarıstanda qalmaları üçün apardığı mübarizədə xarici işlər naziri Mesut Yılmazın onu tək qoymasından şikayətlənəcəkdi.

Sovetlərin dağılması prosesində didərginliyin zərbəsini türk qövmlərinin hamısı görsə də Bolqarıstan türklərinin taleyi bir həqiqəti də gün üzə çıxartdı : sən demə, Bolqarıstan türklərində milli özünüdərkin səbəbkarı biz Azərbaycan türkləri olmuşuq. II Dünya Müharibəsindən sonra Moskvanın bizdən seçərək, Bolqarıstanın türk bölgələrinə göndərdiyi müəllimlər Osmanlı imperiyası vaxtından unudulmağa təhrik edilmiş o bölgələrdəki insanlara türk olduqlarını başa salıblar. Bəlkə Naim Süleymanoğluyla, daha sonra Durhan Hatipoğluyla, Nihal ilə, Nahidə ilə, Rəcəb abiylə bu qədər səmimi olmağımızın pərdə arxasında o təhtəlşüurun silinməz izləri yatırmış? Bəlkə Naimi məzara qoyandan sonra anasını görər-görməz gözlərimdən axan yaş da Bakının Kırcaalidə oyandırdığı o genetik hafizənin eşiyə vurmasıydı? Anasının sağıcı işlədiyi kolxozun sədri 6 yaşına qədər Naimin də anasıyla gəlib-getdiyini danışanda gözyaşlarımı saxlaya bilməməyimin səbəbi də o olmasın? Bəs 8 sinfə qədərki müəlliminin Naim barədə danışdıqlarını dinləyərkən gözyaşımın yanaqlarımı islatmasına nə deməli? Mənim deyəcəyim söz yoxdur, həm də ona görə ki, Naimin məzarı başında ağlamaq xoşbəxtliyini yaşadım. Heç kim öküzün altında buzov axtarmasın, arkadaş.Naim Süleymanoğlu Türkiyənin insanlarından çox fərqliydi. İnsan elə fərqli olanda böyük olmurmu? Böyük qaldın, Naim Süleymanoğlu…

Dr.Mayis Əlizadə

COP29

www.yenicag.az

2082
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv