!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-nün 15 iyul çevriliş cəhdinin 3-cü ildönümü Bakıda qeyd olunub – FOTOLAR/VİDEO

!Reklam – Yazi

Bakıda Fətullahçı terror təşkilatının (FETÖ) Türkiyədə 2016-cı il iyulun 15-də hərbi dövlət çevrilişinə cəhdinin 3-cü ildönümünə həsr olunmuş geniş tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə 15 iyul şəhidlərinin xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Filmin nümayişindən sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 2016-cı il iyulun 15-də baş verən olayların mahiyyətinə toxunub. Səfir 15 iyul gecəsi 251 nəfərin şəhid olduğunu xatırladıb:

“Həmin gün şəhid düşənlər arasında azərbaycanlılar da vardı. O gecə Azərbaycan xalqı bizim yanımızda oldu. Dövlət çevrilişinə cəhdin aradan qaldırılmasından sonra, ilk “keçmiş olsun” mesajını Azərbaycan prezidenti verdi.

15 iyul əsgər forması geyinmiş bir qrup xainin dövlətə qarşı çıxması idi. Ordunun içinə sızmış FETÖ üzvləri dövləti sarsıtmağa çalışsalar da, xalqımız onlarla döyüşdü və qalib gəldi. “15 iyul”dan aldığmız dərslərlə FETÖ-nün üstünə gediləcək və onun kökü tamamilə qurudulacaq. Türk xalqının 15 iyul gecəsi sərgilədiyi birlik və bərabərliyin həmişə davam edəcəyinə inanıram. Biz bir yerdə güclüyük. 15 iyul şəhidlərinin ruhları qarşısında baş əyirəm. Onların ruhu bizə xeyir, uğur gətirsin”.

Tədbirdə çıxış edən Prezident Administrasiyanın nümayəndəsi Bəhruz Həsənov 15 iyulda FETÖ üzərində əldə edilmiş qalibiyyəti hər bir türkün bayramı kimi dəyərləndirib: “Türkün saysız qəhrəmanlıq dastanı var. Türk xalqı 15 iyulda Türkiyədə, Mübariz İbrahimov təkbaşına düşmən səngərində, ordumuz 2016-cı ildə aprel döyüşlərində qəhərmanlıq dastanları yazdılar.

“15 iyul” xalqın iradəsinin nümayişi idi. Videolara baxdıqda görürdük ki, sadə insanlar dövlət naminə tankın qarşısına çıxdılar, qəhrəmancasına ölümə atıldılar. 15 iyul çevriliş cəhdinin ertəsi günü ilk rəsmi reaksiyanı Azərbaycan dövləti verdi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, istənilən terror fəaliyyətinə qarşıdır. Azərbaycanda da Fətullah Gülən terror təşkilatının üzvlərinə qarşı mübarizə aparıldı və onların zərərsizləşdirilməsinə başlanıldı.

Azərbaycanla Türkiyə daim bir yerdə olub. Hər kəs xatırlayır, Prezident İlham Əliyev beynəlxalq tədbirlərin birində dedi ki, əgər Türkiyənin burada nümayəndəsi yoxdursa, mən varam.

15 iyul hadisələri göstərdi ki, Türkiyə dövləti əbədidir. 1990-cı il 20 yanvar hadisələri ilə 15 iyul olayları arasında böyük oxşarlıq var. Hər iki hadisə zamanı əliyalın əhali tankların qarşısına çıxdı. Hər iki halda xalqın iradəsi qalib gəldi. Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirəm”.

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov çıxışında türk xalqının 15 iyul gecəsində öz iradəsini növbəti dəfə dünyaya nümayiş etdirdiyini vurğuladı:

“Böyük türk xalqı bir daha dünyaya göstərdi ki, bu xalqla güc dili ilə danışmaq olmaz. Biz bu tarixi Bakıda hər il qeyd edirik. Azərbaycanla Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqələri son dərəcə genişdir. Türkiyə ilə Azərbaycan bir-birinə öz ruhları ilə bağlıdır. 15 iyul hadisələrini ilk pisləyən məhz Azərbaycan prezidenti oldu. Bundan əlavə, Azərbaycan xalqı da həmin gecə səhərə qədər yatmadı, türk xalqının yanında oldu. 15 iyul şəhidlərinin xatirəsini hörmətlə anıram, onlara rəhmət diləyirəm”.

Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici siyasət Komissiyasınıın sədri Volkan Bozkır çıxışında bildirib ki, FETÖ-nün 15 iyulda dövlətə vurduğu yaralar hələ tam sağalmayıb:

“Mən həyatımda 8 hərbi dövlət çevrilişi görmüşəm. Ancaq ilk dəfə idi ki, belə murdar bir çevrilişə cəhd göstərilirdi. Dövlət binaları topa tutuldu, xalqa atəş açıldı, xüsusi təyinatlı polislərə havadan hücum edildi və 51 polis şəhid oldu. Lakin xalqımız əliyalın vəziyyətdə tankların üstünə getdi, helikopterlərin hücumu qarşısında geri durmadı. Ölkə prezidentinin 1 dəqiqəlik çıxışı ilə yüz minlərlə insan küçələrə axışdı. Bütün xainlər öz cəzalarını aldılar. Ümid edirəm ki, xalqımız bir də belə bir faciə yaşamaz. Bir millət, iki dövlət çox dəqiq ifadədir. Dünyada pis və yaxşı günlərində daim bir yerdə olan başqa iki dövlət yoxdur. Həqiqətən, 20 yanvar faciəsi ilə 15 iyul cevriliş cəhdi arasında çox oxşarlıq var. Şəhidlik yoxdursa, dövlət bir şey ifadə etməz. Bu günlərə məhz şəhidlərimiz sayəsində gəlib çıxmışıq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Tədbir daha sonra panel müzakirələri ilə davam edib.

Səxavət Məmməd

www.yenicag.az

1636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv