FETÖ-nün hərbi casusu Azərbaycanda hansı rəsmilərlə görüşüb? - FOTO
Türkiyədə hərbi casusluq iddiası ilə həbs edilən “ASSAN Group”un sahibi Emin Önər və şirkətin baş direktoru Gürcan Okumuşun saxlanmasından sonra diqqətlər “ASSAN”ın FETÖ terror təşkilatı ilə əlaqələrinə yönəlib.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokurorluq “ASSAN”ın sahibi Emin Önərin FETÖ ilə əlaqəsi barədə ciddi məlumatlar əldə edib.
Prokurorluğun məhkəməyə göndərdiyi sənəddə Önərin atası Sadiq Önərin adına qeydiyyatdan keçdiyini dediyi və “ASSAN İş Makineleri Ltd. Şti.” şirkətinə aid telefon nömrəsi vasitəsilə FETÖ-nün üst səviyyəli rəhbərləri Cəmil Qoca və Hüseyin Saruxan ilə əlaqə saxladığı müəyyən edilib.
Cəmil Qoca təşkilatın Ankara vilayət imamı kimi tanınırdı. Türkiyə onu “yaşıl” axtarışda olan şəxslər siyahısına daxil edib və Burkina Faso ilə Toqoya onun geri qaytarılması üçün tələb göndərib.
Hüseyin Saruxan isə FETÖ-nün “kassa”sı kimi tanınır. Təşkilatın maliyyə mənbələrini idarə edən Saruxanın 2015-ci ildə xaricə qaçdığı və Qırğızıstanda baza yaratdığı iddia edilir. Təşkilatın maliyyə quruluşunda vacib rol oynayan Saruxan da Türkiyənin geri qaytarılmasını istədiyi şəxslərdən biridir.
Həmçinin “ASSAN”a aid telefon nömrələri ilə FETÖ-nün gizli quruluşunun istifadə etdiyi “ankesör” telefonlara ardıcıl zənglər müəyyən edilib. Emin Önərin FETÖ ilə əlaqəsi olan 113 nəfər və 22 “ByLock” istifadəçisi ilə təmasda olduğu aşkarlanıb. Prokurorluğun məlumatına görə, bu telefon əlaqələri 2025-ci ilə qədər davam edib.
MASAK tərəfindən hazırlanan hesabatda da Emin Önərin və onun şirkətlərinin FETÖ ilə əlaqəli şəxslərlə intensiv pul köçürmələri etdiyi qeyd olunub. Prokurorluq Ankara Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinə “Şirkət rəsmilərinin FETÖ ilə əlaqəli olduğu” barədə xəbərdarlıq edildiyini vurğulayıb.
Önər və Okumuş “silahlı terror təşkilatına üzvlük” və “hərbi casusluq” ittihamları ilə 27 avqustda saxlanılıb və “ASSAN Group”a bağlı 10 şirkətə müvəqqəti idarəçi təyin edilib.
Qeyd edək ki, “ASSAN Group” rəhbərliyi Azərbaycanda da hərbi və strateji layihələrdə maraqlı olub. Ötən ilin sonlarında Azərbaycana səfərə gələn Emin Önər Müdafiə Nazirliyinin rəsmiləri başda olmaqla, ölkədə bir sıra vəzifəli şəxslərlə görüşlər keçirib. Türkiyənin müdafiə nazirinin heyətində gəldiyi üçün Emin Önər üçün Azərbaycan rəsmilərinin qapısını döymək o qədər də çətin olmayıb.
Emin Önərin görüşdüyü rəsmilər arasında müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, müdafiə nazirinin müavini Aqil Qurbanov və digərləri var.