FİFA-da rüşvət qalmaqalı-Rusiya və Qətər müəmması
FIFA rəsmisi deyir ki, korrupsiya iddiaları təsdiqini taparsa, Rusiya və Qətər dünya çempionatına ev sahibliyi etmək hüququnu itirə bilər.
Domenico Skala FIFA audit və öhdəliklərə əməl edilməsinə nəzarət komitəsinin sədridir. İlk dəfədir qurumun yüksək rütbəli rəsmisi belə bir ehtimalı dilə gətirir.
“Sübut olunsa ki, Qətər və Rusiya dünya çempionatına ev sahibliyini rüşvətlə əldə ediblər, onda bu hüquq ləğv oluna bilər,” Skala iyunun 7-də İsveçrənin Sonntagszeitung qəzetinə deyib.
Onun sözlərinə görə, hələlik “belə bir dəlil ortaya qoyulmayıb”.
Skalanın təmsilçisi onun dediklərini təsdiqləyib.
Mayın 27-də İsveçrə polisi FIFA-nın 7 rəsmisini saxlayıb. ABŞ onlara korrupsiya ittihamları irəli sürüb.
2018 və 2022-ci illər Futbol üzr Dünya Çempionatlarına ev sahibliyinin Rusiya və Qətərə verilməsi üzrə İsveçrə hökuməti cinayət işi açıb.
FIFA prezidenti Zepp Blatter iyunun 2-də deyib ki, təşkilat ətrafındakı qalmaqala görə istefa verəcək.