FIFA Qəzzada futbol infrastrukturunu yeniləyəcək
FIFA prezidenti Canni İnfantino Misirdə keçirilən sülh sammitindən sonra müharibədən sonrakı genişmiqyaslı bərpa səyləri çərçivəsində Qəzzada futbol infrastrukturunun yenidən qurulmasına dəstək verəcəyini vəd edib.
Yenicag.az bu barədə “Times of İsrael”ə istinadən xəbər verir.
“FIFA-nın burada olması, dəstək verməsi, kömək etməsi, bu sülh prosesinin gerçəkləşməsinə töhfə verməsi bizim üçün, həqiqətən, çox önəmlidir,” – deyə İnfantino bölgədə sabitlik və bərpa planlarını əks etdirən sənədin imzalanmasından sonra bildirib.
FIFA prezidenti təşkilatın Qəzzada və daha geniş Fələstin ərazilərində futbolun bərpasına yardım edəcəyini, müharibə zamanı dağıdılmış idman obyektlərinin yenidən qurulacağını və yeni meydançalarla gənclər proqramlarını dəstəkləyəcək fondun yaradılacağını açıqlayıb.
“Biz Qəzzadakı bütün futbol obyektlərini yenidən qurmağa kömək edəcəyik, futbolu Fələstin Futbol Assosiasiyası ilə birlikdə geri qaytaracağıq və uşaqlar üçün oyun vasitəsilə imkanlar yaradacağıq”, – o qeyd edib.