“YeloBank”ın “Elmlər Akademiyası” filialının müdiri Vüqar Mirzəzadə 2 saat növbədə gözləməyimə etiraz olaraq, məni bayıra çıxarıb çənəmə zərbə vurdu”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Xəzər Xəbər”ə açıqlamasında “YeloBank”ın Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən filialında müdir tərəfindən döyülən şəxs bildirib.
Şəxsiyyətinin gizli qalmasını istəyən şikayətçi iddia edir ki, 10 gün əvvəl getdiyi bankda 2 saat gözləməsinə etiraz edib. Xidmətin gecikməsinə görə filial müdirinin otağına yaxınlaşıb. Elə bu andaca mübahisə düşüb, filial müdiri Vüqar Mirzəzadə isə vuraraq onun çənəsini sındırıb. Daha sonra isə bankda növbə gözləyən digər şəxslər onları aralayıblar.
Şikayətçi deyir ki, bütün bunlar müşahidə kameraları və bank müştərilərinin gözü qarşısında baş verib. Zərərçəkən bundan sonra poliklinika və özəl klinikaya müraciət edib. Həkim diaqnozuna əsasən, vətəndaşın çənəsi 2 yerdən sınıb.
O hadisə ilə bağlı polisə müraciət etdiyini bildirib. “YeloBank”ın baş ofisindən isə sözügedən məsələ ilə bağlı onlara rəsmi məlumat daxil olmayıb.
Xatırladaq ki, bundan öncə vəkil Aqil Layıc özünün “Facebook” səhifəsində sözügedən məsələ ilə bağlı paylaşım etmişdi.
www.yenicag.az