Firəngiz Mütəllimovadan DOĞUM GÜNÜ ETİRAFI: “İlahi, o sevgini mənə çox görmə”
“Bu həyatda hər şeyi pulla almaq olar, amma sevgini yox…”
Azərbaycan teatrını onsuz təsəvvür etmək çətindir. İstedadı və gözəlliyi ilə sənət dünyasında parlaq günəş kimi doğan, simasından təbəssüm əskik olmayan xalqın sevimli aktrisası – o yanağı xallı qız… İstər səhnədə, istər televiziya tamaşalarında, istərsə də kinomuzda canlandırdığı bir-birindən maraqlı və yaddaqalan obrazları ilə milyonlarla tamaşaçının sonsuz məhəbbətini qazanıb.
Bu gün Akademik Milli Dram Teatrının aparıcı aktrisası, xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür.
Təəssüratlarını Yenicag.az-la bölüşən sənətkar özünü dünyanın ən xoşbəxt aktrisası hesab etdiyini bildirib:
“Xoşbəxtəm ki, mənə qarşı bu qədər böyük tamaşaçı sevgisi var. Dünəndən bəri telefonlarım susmur. Hər kəs zəng edir, xoş arzularını çatdırır… Hər zaman Rəbbimə dua edirəm: Nə yaxşı ki, çöhrəmdə bu təbəssümü yaratmısan, nə yaxşı ki, insanların mənə qarşı bu qədər böyük məhəbbəti var. Mənə bəxş edilən bu duyğuya görə Allahıma şükür edirəm və deyirəm: İlahi, o sevgini mənə çox görmə. Çünki bu həyatda hər şeyi pulla almaq mümkündür, amma səmimi sevgini və məhəbbəti əsla”.
Sənətkar “Arzuladığınız, amma bu günə qədər oynamadığınız elə bir obraz varmı?” sualına da səmimi cavab verib:
“Bu günə qədər arzulayıb da oynamadığım bir rol olmayıb. Ürəyim nəyi istəyibsə, onu da ifa etmişəm. Hələ çox yeni rollarla qarşınızda olacam. İndi açıqlamayım, gələcəkdə özünüz görəcəksiniz”.
Cəvahir












