Fitrə zəkatı nə qədər olmalıdır? - AÇIQLAMA
Ramazan ayının başa çatmasına sayılı günlər qalarkən fitrə zəkatı ilə bağlı məsələlər yenidən aktuallaşıb. Bu mövzuda vətəndaşları maraqlandıran suallara aydınlıq gətirilib.
İlahiyyatçı Yaşar Qurbanov Yenicag.az-a açıqlamasında bildirib ki, fitrə zəkatı birbaşa cəmiyyətin aztəminatlı təbəqəsinə yönəlib:
“Fitrə zəkatı ehtiyac sahiblərinin, kasıbların və imkansızların haqqıdır. Məqsəd odur ki, bayram günü heç kəs kiməsə əl açmasın və onlar da hər kəs kimi bayramı layiqincə qeyd edə bilsinlər. Bu sədəqə pul şəklində deyil, əsasən qida məhsulu formasında verilməlidir. Yəni, bir nəfər üçün təxminən 3 kiloqram dənli bitki – düyü, makaron, qarabaşaq, mərci, un və s. təqdim olunmalıdır”.
İlahiyyatçı fitrə zəkatının verilmə vaxtının da mühüm əhəmiyyət daşıdığını vurğulayıb:
“Peyğəmbərimiz buyurur ki, fitrə zəkatı bayram namazından bir və ya iki gün əvvəl verilməlidir. Əgər bu sədəqə bayram namazından sonraya saxlanarsa, o, artıq fitrə zəkatı deyil, adi sədəqə hesab olunur”.
Samir Məcidov













