“Bakı həm inkişaf etmiş şəhər kimi bu yarışların keçirilməsi üçün seçilən uyğun məkandır. Biz də həm qədim tariximizi, həm mədəniyyətimizi dünyaya göstəririk, dünya da bundan razıdır. İnsanların inkişaf səviyyəsi, bilik, elm və vətənpərvərlik səviyyəsi elə həddə olmalıdır ki, onlar bu yarışların keçirilməsini xoş qarşılasın. Hər hansı bir ölkəni misal olaraq deyək ki, əgər, o ölkədə “Formula 1” yarışlarının keçirilməsinə razılıq verilsə, o ölkənin əhalisi bayram edər. Bəzi adamların “Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olması onların niyyətlərindən xəbər verir. Onlar vətənpərvər deyil, onlar düşməndir, qardaş. Kimsə, Azərbaycan vətəndaşı olaraq vətənpərvərliyi biraz zəif ola bilər. Fiziki cəhətdən zəifliyi, əqli cəhətdən zəifliyi ola bilər. Amma bu yarışların bakıda keçirilməsinə etiraz edənlər həm ağıllıdır,həm inkişaflıdır, eyni zamanda, Azərbaycan xalqını sevməyənlərdir”.
Yenicag.az xəbər verir ki, bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev “Formula 1” üzrə Azərbaycan Qran Prisi barəsində danışarkən deyib.
Millət vəkili Bakıda “Formula 1” yarışlarının keçirilməsinə etiraz edənləri qınayıb: “Onlar elə adamlardır ki, gərək hər şeyi bişirib hazır şəkildə gətirib qoyasan onların qarşısına. Belələri hazıra-nazir olanlardır. Belə adamlardan heçnə gözləmək olmaz. Onların fikirləri də bizə heç lazım deyil. “Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olanlar, etiraz edənlər Azərbaycanın dünyada tanıdılmasını istəməyənlərdir. Mənim o adamlara yazığım gəlir. Mən obyektiv adamam, bəlkə də onların ağıl səviyyəsi, inkişaf səviyyəsi o yerdədir ki, hələ onlar ağ ilə qaranı ayıra bilmirlər. Bir əldə beş barmaq var, amma hamısı ayrı-ayrıdır. Yəni, demək istəyirəm ki, beş barmağın hamısı eyni deyil. Jurnalistlər də hamısı eyni deyil. Jurnalistlərin hamısının güya iqtisadiyyatdan, dünya siyasətindən, dünya mədəniyyətindən xəbəri var? Hamısın xəbəri yoxdur. Mən bayaq dedim ki, savadsızlıq və inkişafı olmayan. Belə deyək də, səviyyəsizlik. Əgər, o, savadlıdırsa da, Azərbaycanın əleyhinədir. Ağıllıdır, biliklidir, amma təəssüflər olsun ki, həm də Azərbaycanın əleyhinədir. Məgər, Azərbaycanın düşmənlərinin hamısı “tupoy”dur? Elə şey olar? Onda biz onların nəyi ilə mübarizə aparırıq? Dəlilərlə niyə mübarizə aparmalıyıq? Onların da içində ağıllıları, oxumuşları var. Mən deputatam və “Formula 1” yarışlarının Bakıda keçirilməsinə etiraz edənlər arasında Suraxanıdan olan varsa, deyin onunla görüşüm onu başa salım. Əminəm ki, onu başa sala bilərəm, çünki mən 50 ildir müəllim fəaliyyəti ilə məşğulam”.
A.Abıyev qeyd edib ki, ”Formula 1” yarışları inkişaf etmiş şəhərlərdə keçirilir. Onun sözlərinə görə, bu yarışların Bakıda keçirilməsi Azərbaycanımızı dünyaya təqdim edir: “Bu yarış Bakı kimi inkişaf etmiş, gözəl şəhərlərdə keçirilir. Bakı axtirekturası gözəl olan qiymətli şəhərdir. Bununla yanaşə, Formula 1-in Bakıda keçirilməsi Azərbaycanı, xüsusən də Bakını dünyaya inkişaf etmiş bir dövlət kimi təqdim edir. Görünür, bizim inkişafımız gəlib o yerə çıxıb ki, bəzi şəhərlər kimi “Formula 1” yarışlarına ev sahibliyi edirik. Dünyaya göstəririk ki, Azərbaycan nəyə qadir ölkədir. Bu, möhtəşəm bir layihədir və biz bunun gələcəkdə də keçirilməsini istəyirik”.
Millət vəkili dünyanın bir çox ölkələrinin idman yarışları barədə təşkilatçılıq qaydalarını Azərbaycandan öyrəndiyini bildirib. Deputatın sözlərinə görə, dünya artıq idman sahəsində Azərbaycan standartlarından nümunələr götürüb yararlanır: “Mən idmançıyam da, bilirsiniz. SSRİ-nin boks üzrə idman ustasıyam. Beynəlxalq yarışlarda iştirak etmişəm. Beynəlxalq oyunlarda hakimlik etmişəm. Ona görə sizə deyirəm ki, idman yarışlarının keçirildiyi ölkə dünyaya inkişaf etmiş ölkə kimi tanıtdırılır. Biz xaricə gedəndə xarici dövlətlər bizdən öyrənmək istəyirlər. Bir dəfə xarici ölkələrin olimpiya idman komitəsinin prezidentləri mənə dedi ki, xahiş edirik ki, bu yarışın keçirilməsində bizə kömək edin. Mən də dedim ki, baş üstə. İki-üç nəfər göndərərik sizə yarışların təşkilatçılığında kömək edərik. Yəni, dünya bizi idman ölkəsi kimi tanıyır. Dünya bu məsələləri bizdən öyrənir. Dünya başa düşür ki, Azərbaycan elə beynəlxalq yarışlara ev sahibliyi edib ki, ondan hər şeyi öyrənmək olar. Beynəlxalq turnirlər, Qitə çempionatları, Dünya çempionatları və s bunlar hələ ayrı-ayrı federasiyaların apardığı işlərdir. Bütün bunlardan əlavə, biz artıq kontinental yarışlar keçiririk. Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi bilirsiniz nə deməkdir? Artıq Avropa Olimpiya Komitəsinin və Dünya Olimpiya Komitəsinin prezidenti etiraf etdilər ki, Azərbaycan Avropanın olimpiya mərkəzlərinin bir hissəsinə çevrilmişdir. Bunu qazanmaq lazımdır, təbii ki. Bu, hədiyyə deyil. Bundan sonra artıq Azərbaycan standartları dünya standartlarını üstələyib. Artıq Beynəlxalq standartlar yaddan çıxıb. Onlar Azərbaycan standratlarından istifadə edirlər. Dünya artıq Azərbaycan standartlarından özlərinə nümunə götürür”.
“Formula 1” yarışları zamanı 42-ci turda HAAS komandasının üzvü Romain Grosjean qəza keçirdiyi üçün yarışdan kənarda qalıb. Onun maşınını yarış meydanından çəkmək üçün gələn çəkici diqqətləri üzərinə çəkib. Evakuatorun üzərində türk dilində “Allah qorusun” ifadəsinin qeyd olunması müzakirə mövzusuna çevrilib. A.Abıyev sözügedən müzakirə haqqında öz fikirlərini bölüşüb: “Mən “Formula 1” yarışlarına bütün Azərbaycan vətəndaşları kimi televiziyadan baxıram. Mənim bu yarışdan xəbərim yoxdur. Qəzaya uğramış yarış avtomobilinin götürülməsi üçün ora gələn evakuatorun üzərində “Allah korusun” yazısında nə var ki? Kimsə durub buna nəsə etiraz edirsə, belələrini tutub başına qapaz vurmaq lazımdır. Məgər, Azərbaycanda evakuator ancaq “Formula 1” yarışları zamanı lazım olur, başqa vaxt lazım olmur? İkincisi isə, biz müsəlman ölkəsiyik, İslam ölkəsiyik. Biz onları nə söyməmişik, nə də döyməmişik. Biz özümüz yarışda qəzaya uğrayan avtomobilin götürülməsinə evakuator gətirib kömək edirik. Hələ bir Allahdan da xahiş edirik ki, qorusun. Bunun nəyi pisdir ki?”.
Millət vəkili “Formula 1” yarışlarının növbəti 5 ildə də Bakıda keçirilməsinə münasibət bildirib. O bildirib ki, Azərbaycanda hələ bundan da yaxşı yarışlar keçiriləcək: “Biz əgər “Formula 1” yarışları ilə müqavilə bağlamışıqsa, müqavilənin vaxtı bitənə qədər yarışlara ev sahibliyi edəcəyik. Elə ölkələr var ki, öz çempionatların keçirə bilmədikləri halda, Azərbaycanın Amerika, Fransa, İtaliya kimi ölkələrin keçirdiyi yarışdan keçirməsini görüb partdayırlar. Bu yarış yüksək səviyyədə keçirilir və keçiriləcək də. Mən bir vətəndaş kimi hesab edirəm ki, dövlət səviyyəsində “Formula 1” yarışlarının növbəti illərdə keçirilməsinə görə müqavilə bağlanıbsa, keçirilməlidir. Mən idmançıyam ona görə də, bu səviyyədə yarışların Azərbaycanda keçirilməsini iki əllə alqışlayıram. Hələ bundan da yaxşı yarışlar keçirəcəyik. Ölkələr var ki, ağlayırlar ki, bu cür yarışların keçirilməsinə ev sahibliyi etsinlər. Amma onlar ev sahibliyi edə bilmir. Çünki, onların nə təşkilatçılığı, nə də bacarıqları var”.
www.yenicag.az