“Fransa münaqişənin həllində daha fəal ola bilər”
“Azərbaycan və Fransa bir-biri üçün vacib ölkələrdir. Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olaraq Fransa Bakıda ilk səfirlik açan ölkələrdəndir. Avropa qonşuluğu, Avropa Birliyi və ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq edir.
Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev prezident seçiləndən sonra – 2004-cü ilin yanvarında ilk ikitərəfli səfərini Parisə edib.
2007-ci ildə Fransaya dövlət səfəri edib. 2007-ci ildə də İlham Əliyev Parisdə həmkarı Nikola Sarkozi ilə görüşüb. İkinci dəfə prezident seçiləndən sonra cənab Əliyev 2009-cu ilin dekabrında Fransaya daha bir səfər edib. 2011-ci ildə Sarkozi Bakıya gəlib və burada Bakı Fransız Liseyinin təməlini qoyublar. 2012-ci il sentyabrın 18-də Azərbaycanın maliyyə dəstəyi ilə ərsəyə gələn Luvr Muzeyində İslam Mədəniyyətləri Pavilyonunun açılışı olub. Həmin vaxt İlham Əliyevlə prezident Fransua Ollandın görüşü olub.
Göründüyü kimi iki ölkə arasında siyasi münasibətlər çox sıxdır. Hələ mən xarici işlər nazirləri, digər nazirliklər, parlament və qeyri-hökumət təşkilatları səviyyəsində keçirilən görüşləri demirəm”.
Bunu açıqlamasında politoloq Qabil Hüseynli Fransa prezidenti Fransua Olandın Bakıya səfərini şərh edərkən bildirib. Politoloqun sözlərinə görə, Olandın bu dəfəki səfəri daha çox Azərbaycan rəsmilərinin bu günə qədər atdıqları dostluq addımlarına münasibət idi: “Azərbaycan hakimiyyəti Fransa ilə əlaqələrin qurulmasına xüsusi önəm verilir. Burada keçirilən mədəni tədbirlər, təhsil sektorundakı əməkdaşlıq yüksək səviyyədədir. Oland Qafqzdakı ən güclü dost ölkənin Azərbaycan olduğunu anlayır. Ölkəmiz Fransa üçün həmçinin böyük bazardır. İqtisadi əməkdaşlığı gücləndirmək üçün imkanlar mövcuddur. Müasir dövrdə ölkələr arasındakı əməkdaşlıq daha cox kommersiya şirkətləri, iri iqtisasi layihələr üzrə müştərək fəaliyyət üzərində qurulur. Hesab edirəm ki, bundan sonra bir neçə Fransa şirkətinin Azərbaycana yolu açılacaq”.
Politoloq hesab edir ki, Rusiya ilə Qərbin kəskinləşən münasibətləri fonunda Fransa-Azərbaycan əlaqələrinin güclənməsində siyasi məntiqəuyğunluq var:
“Alternativ enerji mənbələrinin təmin edilməsi, Rusiyanın təzyiq rıçaqlarının azaldılması baxımından bu səfər önəmlidir. Yəqin ki, Olandın səfərinin görünməyən tərəfləri də var. Bağlı qapılar arasında daha hansı məsələlərin müzakirə olunmasından ictimaiyyət məlumatsızdır. Xüsusilə də, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynayan və Ermənistanla yaxşı iqtisadi əlaqəsi olan Parisin bu istiqamətdə atacağı növbəti addım müşahidəçilərin diqqət mərkəzindədir. Fransanın münaqişənin həllində rolu daha da arta bilər. Olandın səfərinin nəticələri yaxın bir neçə ay ərzində özünü daha qabarıq şəkildə göstərəcək”(teleqraf.com).