Fransalı jurnalistlərdən ölkəni tərk etmələri tələb olunur
Fransanın Frans-3 televiziya kanalının iki jurnalisti ərəb dilində yayımlanan Frans-24 televiziya kanalının sifarişinə əsasən Mərakeşin iqtisadi vəziyyəti ilə bağlı veriliş hazırlamaq məqsədilə ölkənin insan haqları assosiasiyasının ofisində müsahibə götürmək istəyərkən polis tərəfindən saxlanılıb və onlardan Mərakeşin hüdudlarını tərk etmələri tələb olunub.
Saxlanılan jurnalistlərə qarşı zorakılıq tətbiq edilməsə də, onlara məxsus bütün əşyalar, o cümlədən kameralar müsadirə edilib.
Məsələ ilə bağlı açıqlama verən polis rəsmisi jurnalistlərin ölkədə çəkiliş aparmaları barədə dövlət rəsmilərinin xüsusi icazəsinin olmadığını bəyan edib.
Frans-3 televiziya kanalının rəhbərliyi hər iki jurnalistin Mərakeşdə sərbəst hərəkət etmələri ilə əlaqədar dövlət qurumlarına müraciət olunduğunu bildirib.
Mərakeş tərəfi isə onlara belə bir müraciət daxil olmadığını əsas gətirərək fransız jurnalistlərinin 24 saat ərzində ölkədən çıxmasını tələb edib.